/ / 15 iyun - Milli Qurtuluş Günü müstəqilliyə gedən yolun başlanğıcıdır

15 iyun - Milli Qurtuluş Günü müstəqilliyə gedən yolun başlanğıcıdır

86 Baxış

15 iyun - Milli Qurtuluş Günü müstəqilliyə gedən yolun başlanğıcıdır

Azərbaycan Respublikasının dövlətçilik tarixinin XX əsrin sonları və XXI əsrin əvvəllərinə təsadüf edən dövrü bir sıra faciəli hadisə və proseslərlə əlamətdar olmuşdur.Lakin buna baxmayaraq, xalqımız zamanın sınaqlarından ləyaqətlə çıxa bilmiş, milli azadlıq mübarizəsi nəticəsində əldə etdiyimiz dövlətçiliyimizi, müstəqilliyimizi və suverenliyimizi qoruyub saxlaya bilmişdir. Azərbaycan xalqının vahid birliyi üzərində yüksələn dövlətçiliyimiz Azərbaycana düşmən olan qüvvələrin məkrli planlarına, törədilmiş faciələrə və davamlı informasiya blakadasına inadlı mübarizə apararaq, demokratiya tariximizdə yeni bir dövrün başlanğıcını qoymuşdur. Bu baxımdan Azərbaycan tarixinin ən əhəmiyyətli mərhələsi – 1993-2003-cü illər dövrü tariximizin dönüş nöqtəsi adlandırsaq heç də yanılmarıq. Bu elə bir dövrdür ki, SSRİ-nin dağılması nəticəsində bütün İttifaq respublikalarında sosial-siyasi və iqtisadi sabitlik pozulmuş, müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə imkan vermək istəməyən Ermənistan və Rusiya birləşmiş hərbi qüvvələrinin əli ilə tarixi torpaqlarımızın 20 faizi işğal olunmuş, bir milyon nəfərdən artıq vətəndaşımız didərgin düşmüşdür.Məhz bu çətinliklərdən xalqımızı, Müstəqil Azərbaycanımızı 1993-cü ilin iyununda xalqımızın böyük oğlu, Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı xilas etmişdi. Məhz buna görə də dövlət müstəqilliyimiz tarixinin 1993- 2003-cü illər dövrünü fəxrlə “Heydər Əliyev on illiyi” adlandırırıq.

Bəşəriyyət tarixində mövcud olan hər bir xalqın mövqeyini və rolunu onun taleyində həlledici rola malik olmuş, olduqca qarışıq hadisə və proseslərdə məsuliyyət altına girərək xalqını inkişafa aparacaq ideyalarını reallaşdıran dahi şəxsiyyətlər, rəhbərlər, liderlərin fəaliyyəti mühüm rol oynayır. Belə şəxsiyyətlər öz xalqının sahib olduğu milli-mənəvi dəyərlər, dövlətçilik ənənələri, siyasi və idarəçilik mədəniyyəti əsasında qurulan dövlət modeli formalaşdıra bilirlər. Müasir dövrümüzdə də dünyada özünə layiqli yer tutmuş böyük dövlətlərdən bir çoxu məhz belə liderlərin müəyyənləşdirdiyi yolla inkişaf edir, davamlı tərəqqini bu istiqamətdən kənarda təsəvvür etmirlər.

Bu baxımdan qeyd etmək olar ki, Azərbaycanda müstəqil və güclü milli dövlətin mövcudluğu dünyaşöhrətli siyasi xadim, Ulu öndər Heydər Əliyev və onun həyata keçirdiyi uğurlu siyasəti ilə sıx şəkildə əlaqəlidir. Qeyd etmək xüsusilə vacibdir ki, Heydər Əliyev Azərbaycana həm SSRİ dövründə, həm də müstəqillik illərində rəhbərlik etmişdir. Dövlətə rəhbərliyinin hər iki dövründə Azərbaycanın milli maraq və mənafelərinin etibarlı təminatçısı olan, dayanıqlı müstəqilliyə güclü əsaslar formalaşdıran Heydər Əliyev dövlət idarəçilik sistemində siyasi varislik ənənələrinin əsasını qoymuş, siyasi uzaqgörənliklə irəli sürdüyü ideyaların davamlığını təmin etmişdir. Azərbaycan xalqının tarixən bərqərar olmuş milli maraqlarını özündə əks etdirən Heydər Əliyev ideyaları Azərbaycanın gələcək inkişafı üçün sağlam əsaslar qoymuşdur. Bu gün mütləq əksəriyyət birmənalı etiraf edir ki, müstəqil Azərbaycanın Heydər Əliyev 1993- cü ildə hakimiyyətə qayıtdıqdan sonrakı bir neçə il ərzində sosial iqtisadi sahədə əldə etdiyi uğurlu nəticələrin mənbəyi kimi hələ XX əsin 70-80-ci illərində onun rəhbərliyi ilə yaradılmış sənaye və istehsal potensialı çıxış edir. Bu gün ölkəmiz hazırkı inkişaf səviyyəsinə, regionda və dünyada tutduğu mövqeyə görə də məhz Heydər Əliyevə borcludur. Rəhbərliyinin hər iki mərhələsində Ulu öndər dövlətin əsaslarının möhkəmlənməsi, bütün sahələrdə sabit inkişafa nail olunması, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının konstitusion səviyyədə təsbit edilməsi, milli-mənəvi dirçəlişin baş verməsi kimi tarixi hadisə və proseslərlə əlamətdar olmuşdur.

Mövcud vəziyyəti obyektiv qiymətləndirməyi bacaran, xalqını düşdüyü böhranlı vəziyyətdən çıxarmağı qarşısına məqsəd qoyan respublika Prezidenti Heydər Əliyev münaqişədə ağırlıq mərkəzini diplomatiyaya keçirdi. Azərbaycanla Ermənistan arasında 1994-cü ilin mayın 12-də atəşkəs haqqında sazişin imzalanması 5 ildən çox davam edən hərbi əməliyyatların dayandırılmasına, bütün sahələrdə milli inkişaf proqramlarının həyata keçirilməsinə və Azərbaycanı xarici investisiya üçün cəlbedici ölkəyə çevrilməsinə zəmin yaratdı.

30 ilə yaxın bir müddətdə bu münaqişənin tənzimlənməsi üçün ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar aparılırdı. Lakin 8 may 2018-ci ildə Ermənistanda N.Paşinyanın hakimiyyətə gəlməsi ilə Ermənistan hakimiyyətinin qeyri-konstruktiv mövqeyi daha da kəskinləşmiş və onun “Qarabağ Ermənistandır və nöqtə” fikrini dilə gətirməsi ilə səmərəsiz olan danışıqlar prosesi öz mənasını itirməsini və başa çatmasını göstərdi. Onun bu sözlərinə AR Prezidenti, Ali baş komandan İlham Əliyev Valdayda keçirilən konfransda cavab olaraq “Qarabağ Azərbaycandır və nida işarəsi!” söyləyərək, bu sözləri Azərbaycanın haqq mübarizəsinin şüarına çevirmişdir. Ermənistanın növbəti təxribatlarına cavab olaraq Ali baş komandan İlham Əliyevin əmri ilə 27 sentyabr 2020-ci ildə əkshücum əməliyyatları başladı və Azərbaycan II Qarabağ müharibəsində tarixi qələbə qazanaraq öz torpaqlarını geri qaytardı. Daha dəqiq desək, tarixi ədalət sonda zəfər çalmış oldu. 44 günlük müharibə 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiyanın dövlət başçılarının 3 tərəfli Bəyanat imzalaması ilə başa çatdı, Azərbaycan beynəlxalq hüquqda tanınmış sərhədlərini bərpa etmiş oldu. Bütün bu uğurlar Heydər Əliyev tərəfindən əsası qoyulan güclü siyasətin və eyni zamanda bu gündə Cənab İlham Əliyev tərəfindən davam etdirilən güclü siyasətin uğurlu nəticəsidir. Layiqli davamın ən yaxşı nümunəsi Cənab İlham Əliyevin dili ilə desək " Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim" fikirləri buna ən dolğun misaldır.

Beləliklə, məhz Heydər Əliyevin apardığı uzagörən siyasət nəticəsində tariximizdə ilk dəfə azad dövlət kimi yeni bir əsrə, o cümlədən də yeni minilliyə qədəm qoyduğumuzun şahidi olduq və bu əbədi bir proses olacaqdır. Ulu öndərin dediyi kimi, “müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onu qoruyub saxlamaq və möhkəmləndirmək ondan qat-qat çətindir”. Bu fikrin mahiyyəti ondan ibarətdir ki, dünya tarixində elə hallar olub ki, xarici şəraitdən, amillərdən asılı olaraq müəyyən dövlətlər müstəqillik əldə etmişlər, lakin sonrakı proseslər həmin dövlətlərin öz müstəqilliklərini qorumaq iqtidarında olmadığını göstərmişdir. Lakin Ulu öndərin apardığı düzgün siyasət ölkəmizi ayaq üstə məğrur dayanmasına şərait yaradaraq, bu günkü inkişafa qürurla addımlamağa imkan yaratdı. Baxın əsl reallıq budur! Sonda böyük fəxrlə və qürurla deyə bilərik ki, müasir və azad Azərbaycan Respublikasının memarı və milli dövlətçilik ideyamızın əsaını qoyan məhz Heydər Əliyev idi. Heydar Əliyevin zamanın fövqünü böyük ustalıqla tutan, unikal biliyə sahib nadir şəxsiyyətlərdən idi. Onun müdrik qayıdışı dövlətçiliyimizin təməl daşıdır!

Prof.Azad Mustafa oğlu Bayramov
ADAU-nun İctimai Elmlər və Multikulturalizm kafedrasının müdiri

FOTO / VİDEO
VİDEO