/ / Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu

Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu

42 Baxış

Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu

Bu günlər Azərbaycan mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Ölkəmizdə Xəzər regionunda neft-qaz sahəsinin və enerji sektorunun ən önəmli tədbiri olan “Bakı Enerji Həftəsi” keçirilir. “Bakı Enerji Həftəsi” 27-ci Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisini, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji” sərgisini və Xəzər Neft və Qaz Konfransının xələfi olan “Bakı Enerji Forumu”nu özündə birləşdirir.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox uğurlu enerji siyasəti həyata keçirir. Dünyanın nüfuzlu dövlətləri Azərbaycanla enerji sahəsində fəal əməkdaşlıq edirlər. Bu, həyata keçirilən transmilli layihələrin reallaşmasında mühüm amildir. Azərbaycanın neft-qaz və enerji sektorunun inkişafı ölkəmizin iqtisadi yüksəlişinə töhfə verib, regional və qlobal əməkdaşlıq üçün əlavə imkanlar yaradıb. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Cənub Qaz Dəhlizi layihəsi, o cümlədən TANAP regionun əhəmiyyətini artıraraq Avropa üçün yeni enerji mənbələrinin əsasını qoyub. Bütün bu layihələr Azərbaycanın regionun əsas iştirakçısı və beynəlxalq arenada əhəmiyyətli aktor kimi önəmini artırır.

Azərbaycan yeni qlobal çağırışlar fonunda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında öz rolunu gücləndirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, builki Bakı Enerji Həftəsi daha dayanıqlı və təhlükəsiz enerji güclərinin yaradılması sahəsində yeni əməkdaşlıq üçün qlobal enerji bazarının əsas oyunçularını, beynəlxalq şirkətləri bir araya gətirir. Azərbaycanın bu prosesdə rolu dünya miqyasında hər zaman yüksək dəyərləndirilir. Bunu ABŞ Prezidenti Cozef Baydenin Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlandığı məktubda da görmək mümkündür. Enerji təhlükəsizliyi ilə bağlı məqsədlərə çatmaq üçün şaxələndirmənin hazırkı dövrdə xüsusilə əhəmiyyətli olduğunu bildirən ABŞ Prezidenti qeyd edib ki, Azərbaycan bu məqsədə çatmaq üçün regional səylərdə əsas rol oynayıb. Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirilməsi baxımından Transxəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir.

S.Fətəliyeva bildirib ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası “Əsrin müqaviləsi” ilə Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçı dövlətə çevirib. Bu gün isə Azərbaycan uğurlu enerji siyasəti nəticəsində təkcə neft və qaz ixracatçısı yox, eyni zamanda, regionda elektrik enerjisi ixracatçısına çevrilir. Xüsusilə, son dövrlərdə ölkəmizdə bərpaolunan enerji növlərinin istehsalı istiqamətində böyük işlər görülür. Bərpaolunan enerji mənbələrinə, əsasən də günəş, külək və su enerjisi istehsalı sahələrində beynəlxalq şirkətlərin Azərbaycana böyük marağı var. Ölkəmiz, eyni zamanda, Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edir. Bundan əlavə, Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, enerjiyə əlçatanlıq reytinqində Azərbaycan dünyada öncül sıralarda qərarlaşır.

Azərbaycan qazı yeni mənbədir və “Cənub qaz dəhlizi” yeni enerji damarıdır, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan layihədir. Bu layihənin həyata keçirilməsində maraqlar balansı gözlənilib, yəni iştirak edən bütün tərəflərin maraqları təmin edilib ki, bu da çox önəmli amildir. Bunu Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib: "Cənub Qaz Dəhlizi fərəhlənə biləcəyimiz layihədir. Eyni zamanda, o, bizə nəhəng “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Bu, artıq baş verdi. Cəmi bir il beş aydır ki, Azərbaycan həmin tamamilə yeni müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımız üçün zəruridir. Biz hasilatın və ixracımızın artırılmasına müvəffəq olduq. Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq. Gələn il, o, daha da çox olacaq. Göstəricilər hasilat işlərindən və Azərbaycanın Xəzərdəki sektorunda yerləşən digər yataqların istismarından asılı olaraq, fərqli ola bilər. Bizim qaz potensialımız yalnız “Şahdəniz”lə məhdudlaşmır. Digər yataqlar da çox perspektivlidir. Gələn il onların bəzilərində hasilat başlayacaq. Bu, enerji təhlükəsizliyinə mühüm töhfə olacaq. Xüsusən də, indiki dövrə gəldikdə, Azərbaycanın karbohidrogenlərinə olan tələbat heç zaman görünmədiyi kimi böyükdür. Məsuliyyətli ölkə kimi biz bunu nəzərə alırıq və müxtəlif səbəblərə görə çətinliklərlə üzləşən ölkələri dəstəkləməyə çalışırıq. Hazırda, Azərbaycanın müvafiq strukturları sayı artan ölkələrlə daim təmasdadır".

Bu gün alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı, “yaşıl enerji”yə keçidin təmin edilməsi istiqamətində həyata keçirilən layihələr hələ 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan enerji siyasətinin davamıdır. Hazırda bəşəriyyətin iqlim dəyişikliyinə qarşı mübarizəsi gündən-günə güclənir və qloballaşır. Atmosferə atılan zərərli tullantıların həcminin azaldılması və “yaşıl enerji” ilə əvəz edilməsi dünya gündəliyinin ən vacib məsələlərindən birinə çevrilib. Atom elektrik stansiyalarının fəaliyyətinin azaldılması, eləcə də kömür və qazla işləyən elektrik stansiyalarının “yaşıl enerji” mənbələri ilə əvəz edilməsi üçün dünya ölkələri bir sıra planlar qurur. Azərbaycan öz növbəsində qlobal çağırışlara cavab verən layihələr reallaşdırır.

Azərbaycan alternativ və bərpa olunan enerji sahəsində böyük potensiala malik ölkələrdən biridir: Azərbaycanın bərpaolunan zəngin enerji potensialı var.

Bütün bu uğurların fonunda ölkəmizdə inkişaf etməkdə olan “yaşıl enerji” strategiyasını aparılan planlı layihələrin nəticəsi kimi dəyərləndirmək olar. Bu gün torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycanın enerji potensialının dünyaya açılması üçün yeni imkanlar yaradır və bu, ölkəmizin gələcək inkişafına müsbət təsirini göstərəcək.


Prof.A.M.Bayramov
ADAU-nun İctimai elmlər və multikulturalizm kafedrasının müdiri

FOTO / VİDEO
VİDEO