/ / Doğma yurda böyük qayıdış

Doğma yurda böyük qayıdış

22 Baxış

Doğma yurda böyük qayıdış

Ali Baş Komandanın qətiyyətli mövqeyi və ordumuzun gücü 44 günlük Vətən müharibəsində işğalçı Ermənistanı diz çökdürdü. Həmin ərazilər tam azad olunduqdan sonra dağıdılmış infrastrukturun, xaraba qoyulmuş şəhər və kəndlərin bərpası dövlətimizin qarşısında duran əsas məsələlərdən biridir. Xatırlatmaq yerinə düşər ki, təkcə Ağdam rayonunun Azərbaycan dövlətinin nəzarətində olan ərazisində son illər ərzində böyük abadlıq və quruculuq işləri aparılmışdır. Ağdam rayonunun mərkəzinə çevrilmiş Quzanlı qəsəbəsində sosial obyektlər tikilib istifadəyə verilmiş, sənaye müəssisələri, insanlar üçün iş yerləri yaradılmış, infrastruktur layihələri icra olunmuş, Olimpiya İdman Kompleksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edilmişdir. Ağdam rayonunun Azərbaycanın nəzarətində olan hissəsində 18 köçkün şəhərciyi salınmış, rayona 93 min köçkün yerləşdirilmişdir. Görülmüş işlər və investisiyalar hesabına bu gün Ağdam rayonunun əhalisinin 45% -i bu rayonun ərazisində yaşayır.

Prezidentimiz İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə intensiv səfərləri həmin ərazilərin yenidən qurulması prosesinin daha səmərəli getməsi baxımından olduqca əhəmiyyətlidir. Belə ki, dövlət başçısının birbaşa nəzarəti altında həyata keçirilən tikinti-quruculuq işləri ərazilərin tezliklə, həm də effektiv məskunlaşdırılmasını şərtləndirəcək. Ayrıca olaraq vurğulamaq lazımdır ki, işğal altında olmuş ərazilərin böyük iqtisadi potensialının ümumi milli iqtisadi inkişaf dövriyyəsinə qatılması üçün də sürətli və keyfiyyətli quruculuq işlərinin həyata keçirilməsi zəruridir. Ölkə Prezidentinin də strateji yanaşması məhz bundan ibarətdir.

Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilanda yaşayış məntəqələrinin salınması ilə bağlı planlar hazırlanıb. Bundan başqa, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimini keçirib. Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin bərpasının, Füzulinin Dövlətyarlı kəndində “ağıllı kənd” konsepsiyası əsasında yaradılacaq böyük yaşayış məntəqəsinin, Zəfər və İşğal muzeylərinin, Cənubi Qafqazda ilk dəfə tətbiq olunan “Rəqəmsal Stansiya İdarəetmə Mərkəzi” elektrik şəbəkəsinin təməli qoyulub.

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli rayonuna səfər ediblər. Dövlətimizin başçısı və birinci xanım səfər çərçivəsində Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi ilə tanış olublar.

Dövlətimizin başçısı və birinci xanım Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonu ərazisində Soltanlı stansiyasının təməlqoyma mərasimində iştirak ediblər. Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli 2021-ci il fevralın 14-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Layihənin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.

2022-ci il mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak etmiş və eyni zamanda kənd meydanında yaradılmış Dövlət Xidmətləri Mərkəzi ilə tanış olublar.

Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması, bioqaz enerjisindən istifadə kimi amillər bu konsepsiyanın tərkib hissələridir.
Beləliklə, Azərbaycan xalqı 30 ilə yaxın bir müddətdə erməni vandalları tərəfindən dağıdılan, xarabalığa çevrilən yaşayış məntəqələrimizi yenidən dirçəldəcək. Azad olunmuş ərazilərə həyat qaytarılacaq, yeni yaşayış binaları, məktəblər, tibb ocaqları və sair obyektlər tikiləcək, bütün lazımi infrastruktur yaradılacaq.

Prof.A.M.Bayramov
ADAU-nun İctimai elmlər və multikulturalizm kafedrasının müdiri

FOTO / VİDEO
VİDEO