/ / Azərbaycan və Litva dövlətləri arasında qarşılıqlı əməkdaşlığın əhəmiyyəti

Azərbaycan və Litva dövlətləri arasında qarşılıqlı əməkdaşlığın əhəmiyyəti

72 Baxış

Azərbaycan və Litva dövlətləri arasında qarşılıqlı əməkdaşlığın əhəmiyyəti

2022-ci ilin may ayının 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın görüşü baş tutmuş və eyni zamanda bəyanatlarla çıxış etmişlər. Görüşdə siyasi əlaqələr, siyasi dialoq və regional vəziyyət müzakirə edilən məsələlərdəndir.

Litva Prezidentinin görüşdə vurğuladığı fikirlər də iki dövlət arasında olan münasibətlərin inkişaf etdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Məlumdur ki, Litva dövləti hər zaman Qafqaz dövlətləri ilə Avropa İttifaqı arasında olan münasibətləri dəstəkləmişdir. Prezident İlham Əliyev Litva dövlətinin Azərbaycana olan bu dəstəyini yüksək qiymətləndirərək qeyd etmişdir: “Biz Litvaya Azərbaycan-Avropa İttifaqı yaxınlaşmasını dəstəklədiyinə görə minnətdarıq. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb. Bu, üzv dövlətlərin üçdə biridir. Bu, onu göstərir ki, Avropa İttifaqı da bizim kimi əməkdaşlıqda maraqlıdır”.

Müşahidələr onu deməyə əsas verir ki, Azərbaycan-Litva münasibətləri, həqiqətən də, inkişafın zirvəsinə doğru irəliləyir. Azərbaycan Litva ilə iqtisadi əlaqələrin genişləndirilməsinə, kapital qoyuluşuna, müxtəlif iqtisadi layihələrin birgə həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. 

Hər iki dövlət qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu nəzərə alaraq, öz aralarında yüksək səviyyəli dialoq və əməkdaşlıq qurub və hazırda da bu əməkdaşlığı inkişaf etdirmək üçün mühüm addımlar atmaqda davam edirlər.

Belə ki, Litva keçmiş Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinin tərəfdarı olduğunu dəfələrlə bildirmişdir. Azərbaycan da Litva ilə iqtisadi əlaqələrin genişləndirilməsinə, kapital qoyuluşuna və müxtəlif iqtisadi və humanitar sahədə birgə layihələrin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir.

Azərbaycanla Litva arasında yalnız ikitərəfli deyil, həmçinin BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar, eləcə də regional təşkilatlar  çərçivəsində çoxtərəfli qarşılıqlı faydalı əməkdaşlıq da mövcuddur. Həmçinin Azərbaycan  Avropa  İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində də Litva ilə sıx əməkdaşlıq edir. Bu münasibətlər ölkə başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər nəticəsində daha da inkişaf etdirilir.

Bu əlaqələrin inkişafında da təbii ki, ölkə başçılarının rəsmi və işgüzar səfərləri və bu səfərlər çərçivəsində müəyyən olunan hüquq-müqavilə bazası mühüm rola malikdir.

Litva Prezidenti Gitanas Nauseda  mayın 18-də Azərbaycana səfər etməsi, o cümlədən dövlət başçısı İlham Əliyev Bakıda keçirilən Azərbaycan-Litva biznes forumunda iştirak etməsi Azərbaycan Litva əlaqlərinin yüksək səviyyədə olmasının göstəricisidir.

Forumun əsas məqsəd Azərbaycan və Litva arasında ticarət sahəsində tərəfdaşlığın gücləndirilməsi, potensial tərəfdaşların axtarışı, Azərbaycan şirkətləri ilə yeni işgüzar əlaqələrin qurulmasıdır.

Forumun əsas mövzuları qida sənayesi, enerji və bərpa olunan enerji mənbələri, dairəvi iqtisadiyyat, informasiya texnologiyaları, logistika, nəqliyyat və s. olub. Azərbaycan-Litva münasibətlərinin indiki vəziyyəti, iqtisadi, enerji, ticarət, turizm, kənd təsərrüfatı və digər sahələrdə münasibətlər nəzərdən keçirilmiş, bir çox  sahələrdə əməkdaşlığ üçün sənədlər imzalanmışdır.

Beləliklə, bu görüşlər vahid mövqedən çıxış edən Litva və Azərbaycan Respublikaları arasında inkişafa impuls yaradır və qarşılıqlı əməkdaşlığın yüksələn xətlə inkişaf etdirilməsində mühüm rol oynayır.

Prof. Azad Bayramov
ADAU-nun İctimai elmlər və multikulturalizm
kafedrasının müdiri

FOTO / VİDEO
VİDEO