/ / Ulu öndərin siyasi iradəsi və peşəkarlığı Azərbaycanın müstəqilliyin qorunmasını və dönməzliyini təmin etdi

Ulu öndərin siyasi iradəsi və peşəkarlığı Azərbaycanın müstəqilliyin qorunmasını və dönməzliyini təmin etdi

58 Baxış

Ulu öndərin siyasi iradəsi və peşəkarlığı Azərbaycanın müstəqilliyin qorunmasını və dönməzliyini təmin etdi

Ulu öndər Heydər Əliyevin bütün siyasi fəaliyyəti ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət etmişdir. Ümummilli lider böyük səyləri nəticəsində qısa müddətdə ümumxalq rəğbətini qazandı. Heydər Əliyevin öz xalqına olan sadiqliyi və ölkənin gələcəyi ilə bağlı olan mütərəqqi baxışları xalqı onun ətrafında birləşdirmişdir. Məhz yorulmaz siyasi fəaliyyəti dahi şəxsiyyətə xalqın sevgi və ehtiramını qazandırdı. Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Respublikada mühüm dəyişikliklərin əldə olunmasında Heydər Əliyevin 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər önəmli rol oynayırdı.

Ulu öndərin siyasi iradəsi və peşəkarlığı Azərbaycanın müstəqilliyin qorunmasını və dönməzliyini təmin etdi. Heydər Əliyevin müstəqilliklə bağlı qətiyyətli addımları dövlətimizin varlığına qarşı olan bir çox təhdidlərin qarşısını almışdır. Ümummilli Liderin ikinci dəfə hakimiyyətə gəlməsi Azərbaycanın tarixində yeni inkişaf mərhələsinin əsasını qoydu. Beləliklə, 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkənin böhrandan çıxma prosesi başladı. Bu gün ulu öndərin apardığı uğurlu siyasət sayəsində Azərbaycan regionun lider ölkəsi statusunu qazanıb.

90-cı illərin əvvəlində yaşanmış hərbi məğlubiyyət və daxili böhran suverenliyin gələcəyini sual altına qoymuşdu. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə bir sıra yeni təhdidləri yaratmışdır. Bu vəziyyət xalqda heç bir siyasi qüvvəyə inamın olmamasına şərait yaratmışdı. Həmin vaxt gənc, müstəqil Azərbaycanın sosial-siyasi mənzərəsi heç də yaxşı deyildi. Müstəqilliyimizin ilk illərində torpaqlarımız əldən gedirdi, ərazi bütövlüyümüz pozulmuşdu, Ermənistandan minlərlə azərbaycanlı öz doğma torpaqlarından qovulmuşdu. Həmin illərdə ölkədə xalqı birləşdirən və ümummilli həmrəyliyi təmin edə biləcək yeni siyasi gücün formalaşması zərurətini doğurmuşdu. O dövrdə Heydər Əliyev bu tarixi missiyanı öz üzərinə götürdü və layiqincə də yerinə yetirdi.

Dövlət başçısı İlham Əliyev ulu öndər Heydər Əliyevin həyata keçirdiyi strateji xətti uğurla davam etdirmişdir. Artıq Azərbaycan ulu öndərin görmək istədiyi qədər güclü, ərazi bütövlüyü bərpa olunmuş və dünya ölkələri arasında öz nüfuzunu gündən-günə gücləndirən bir dövlətə çevirilib. Təbii ki, bütün bu naliyyətlərin banisi məhz ümummilli lider Heydər Əliyev olub. Bu gün müasir Azərbaycan dövləti onun siyasi xəttinin davamı kimi inkişaf edir və güclənir.

Müşfiq Cəfərov
Milli Məclisin deputatı

FOTO / VİDEO
VİDEO