/ / Qarabağda tikinti, bərpa-quruculuq işləri sürətlə aparılır - Müşfiq Cəfərov

Qarabağda tikinti, bərpa-quruculuq işləri sürətlə aparılır - Müşfiq Cəfərov

247 Baxış

Qarabağda tikinti, bərpa-quruculuq işləri sürətlə aparılır -

Hərbi əməliyyatlar yekunlaşan ilk günlərdən etibarən işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə start verilib. Təbii ki, bütün layihələr plan əsasında həyata keçirilir və ilk olaraq yol infrastrukturunun qurulmasına başlanıldı. Artıq Qarabağda tikinti, bərpa-quruculuq işləri sürətlə aparılır. Ağdam təsdiqlənən Baş Plan əsasında qurulur. Hazırda Şuşa, Füzuli, Cəbrayıl və digər şəhərlərin də Baş planları üzrə iş gedir. Ağdam şəhərində gələcəkdə iş yerlərinin yaradılması üçün Sənaye Parkının salınması nəzərdə tutulub.

Azad olunmuş ərazilərin minalardan təmizlənməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına maksimum qısa müddətdə qayıtması da prioritet hədəflər sırasındadır. Quruculuq işlərində dünyanın ən qabaqcıl texnologiyalarından istifadə olunur. “Yaşıl enerji” zonası kimi bərpa olunması nəzərdə tutulan Qarabağ ərazisi dünyanın ən müasir yaşayış məskənlərindən biri olacaq.

Bölgənin “yaşıl enerji” zonası elan edilməsi və ən müasir texnologiyalar əsasında infrastrukturun yaradılması üçün həyata keçirilən işlər deyilənləri təsdiqləyir. İlk olaraq təməli qoyulan yaşayış massivinin də məhz “ağıllı kənd” konsepsiyası əsasında olması bölgədə yenidənqurma-bərpa işlərinin ən müasir standartlarla həyata keçiriləcəyindən xəbər verir.

Bu gün Azərbaycan Prezidentinin diqqət mərkəzində olan önəmli məsələlərdən biri də işğaldan azad edilən torpaqlarda meliorativ tədbirlərin görülməsi ilə bağlıdır. Xatırladaq ki, bu ərazilərdə böyük su mənbələri mövcuddur. Düşmən Azərbaycanı 30 ilə yaxın müddətdə bu potensialdan istifadə etməyə imkan verməyib, respublikamıza qarşı ekoloji terror həyata keçirib. Ermənistan uzun illər ərzində su təminatı istiqamətində də xain mövqe tutub, Sərsəng və Suqovuşan su anbarlarını nəzarətində saxlayıb. Torpaqlarımız azad ediləndən sonra artıq Ağdam, Tərtər, Bərdə, Goranboy və digər rayonlarımızın su təminatının yaxşılaşması üçün əlverişli şərait yaranıb. Bunun nəticəsində 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək şansı yaranıb.

Cənab prezident 12 apreldə cari ilin birinci rübünün yekunlarına dair müşavirdə Qarabağdakı yol infrastukturu barədə danışıb. Ölkə başçısı qeyd edib ki, Bərdə-Ağdam dəmir yolunun inşası davam edir. Gələn il bu yol istifadəyə veriləcəkdir. Bununla paralel olaraq, Ağdamda və Füzulidə dəmir yolları, vağzalların da inşa edilməsi nəzərdə tutulur. Həmçinin, Zəngilan Beynəlxalq Hava Limanı bu il istifadəyə veriəcək. Bu isə Qarabağda ikinci beynəlxalq hava limanı olacaq. Laçın Beynəlxalq Hava Limanının inşası isə 2024-cü ilə planlaşdırılır. Bu da ərazidə olan işlərin həcmi çox böyük olması ilə əlaqədardır. Eyni zamanda, tezliklə istifadəyə veriləcək Naftalandan Talış kəndinə qədər olan yol Naftalanı Suqovuşanla birləşdirəcək. Hər iki bölgənin turizm əhəmiyyətini nəzərə alsaq, bu çox müsbət hal olacaqdır. Bütün bu işlərə görə deyə bilərik ki, ölkənin yol infrastrukturu surətlə şaxələnir.

Ağalı kəndində tətbiq olunan pilot lahiyə bitmək üzrədir. Çox güman ki, tezliklə sakinlər öz yurdlarına qayıdacaqlar. Ağalı sakinləri Qarabağa qayıdan, məskunlaşan ilk sakinlər olacaqlar. İndiyə qadər Şuşada bir neçə ailə yaşasa da, tam məskunlaşma Ağalıda olacaq.

FOTO / VİDEO
VİDEO