/ / Şuşa şəhərində icra olunan layihələrin əhəmiyyəti

Şuşa şəhərində icra olunan layihələrin əhəmiyyəti

180 Baxış

Şuşa şəhərində icra olunan layihələrin əhəmiyyəti

Şuşa Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindən biridir. Qarabağın baş tacıdır Şuşa. Şəhərin adı bu diyarın saf, şəffaf dağ havasının rəmzi olan “şüşə” sözündəndir. Şuşanın əsrarəngiz təbiəti var. Bənzəri olmayan meşələri, dağları, bulaqları var. Turşsu, İsa bulağı, Səkinə bulağı, İsti bulaq, Soyuq bulaq, Çarıx bulaq, Saxsı bulaq, Qırx bulaq, Yüz bulaq və başqa bulaqlar şəfa mənbəyidir.

Şuşa sadəcə coğrafi baxımdan, Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüququnu nümayiş etdirən əsas yaşayış məntəqəsi kimi strateji əhəmiyyət kəsb edən bir bölgə deyil. Şuşa Azərbaycan mədəniyyətinin beşiyi, bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin vətənidir.

XVIII yüzillikdə Azərbaycanın paytaxt şəhərlərindən biri olan Pənahabad-Şuşa tipik Azərbaycan şəhəri kimi formalaşmış və 1992-ci ildə erməni vandalları tərəfındən işğal olunana qədərki bütün dövrlərdə öz tarixi simasını olduğu kimi qoruyub saxlamışdır.

Bu gözəl yurdu Ümummilli lider Heydər Əliyevin sözləri ilə ifadə etsək heç də yanılmarıq: “Şuşa Azərbaycanın demək olar ki, böyük bir tarixi abidəsi, eyni zamanda əgər bunu şeirlə desək, incisidir”.

Şuşa Azərbaycanın milli azadlıq mübarizəsinin rəmzidir. Ölkə inkişaf edəndə, müstəqil olanda düşmənlər həmişə onu ələ keçirməyə can atıblar. Sanki Şuşa Azərbaycanın ruh mərkəzi olub. Düşmən Şuşaya zərbə vurmaqla Azərbaycanı sındırmaq, əzmək, aşağılamaq istəyib. 28 il 6 aylıq ayrılıqda Azərbaycan ictimaiyyəti bunu yaşadı. Şuşasız Azərbaycan çox yaraşıqsız görünürdü. O, Vətən Azərbaycanın bəzəkli, gözəl övladıdır. Düşmən bu zərifliyi, gözəlliyi məhv etməklə Azərbaycana və azərbaycanlılara mənəvi zərbə vurmağa çalışıb.

Bu gün biz Zəfər çalmış xalqın nümayəndələri olaraq Şuşaya qayıtdıq və əbədi orada yaşayacağıq. Şuşanın bərpası bütün digər azad edilmiş torpaqlarla yanaşı, əlbəttə ki, çox önəmlidir. Lakin biz, yağıdan qurtardığımız torpaqlara təkcə daşı daş üstə qoymağa getmirik, biz bu yurdu gözümüzün üstünə qoymaq üçün oradayıq! Çünki öz halal yurdumuzu bizə vermədilər, onu döyüşərək, canımızla, qanımızla aldıq!

Məlum olduğu kimi, 2022-ci il aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib.

Müşavirədə görülmüş işlər təhlil edilmiş və ilin sonuna qədər olan planlar haqqında fikir mübadiləsi aparılmışdır. Eyni zamanda, müşavirədə müharibədən dərhal sonra aparılan siyasət, beynəlxalq təşkilatlardakı fəaliyyətimiz, ikitərəfli formatda böyük dövlətlərlə əlaqələrimiz, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda baş verən inkişaf və hadisələrə nəzər salınmışdır.

Azad edilmiş torpaqlarda indi içməli su mənbələrinin layihələndirilməsi davam edir. Onların arasında, əlbəttə ki, Şuşa şəhərinin içməli su layihəsi prioritetdir. Çünki mədəniyyət mərkəzi olan Şuşada artıq əhali yaşayır.

Şuşada yaşayış binaları tikilir, tarixi abidələr bərpa edilir. Burada Heydər Əliyev Fondu 3 məscidi əsaslı şəkildə bərpa edir, eyni zamanda, yeni məscidin yaxın zamanda inşası ilə bağlı Prezidentimiz İlham Əliyev məlumat vermişdir.

Dövlət başçısı İlham Əliyev may ayında Şuşada “Xarıbülbül” festivalının yenidən keçiriləcəyini qürur hissi ilə vurğulamışdır. Məlumdur ki, TÜRKSOY Şuşanı 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan etmişdir. Türk dünyasının mədəniyyət paytaxtı seçilmiş şəhərlərdə il ərzində Türk dünyasının mədəni tədbirləri keçirilməsi bəllidir.

Prezident İlham Əliyev nitqində bildirmişdir: “Yaşayış binaları, infrastruktur, iş yerləri, kənd təsərrüfatı ilə məşğul olmaq imkanları, sənaye parkları - biz planlı şəkildə bu işləri görəcəyik. Bu, ancaq azad edilmiş torpaqlarda bu il görüləcək işlərin siyahısıdır və əminəm ki, bütün planlar həyatda öz əksini tapacaq. Biz istədiyimizə nail olacağıq”.


Prof.A.M.Bayramov
ADAU-nun İctimai elmlər və multikulturalizm kafedrasının müdiri

FOTO / VİDEO
VİDEO