Azərbaycan alternative və bərpaolunan enerji sahəsində böyük potensiala malikdir
Gülnar Fazilqızı
18-03-2022 17:30
171 Baxış
Bu gün alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı, “yaşıl enerji”yə keçidin təmin edilməsi istiqamətində həyata keçirilən layihələr hələ 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan enerji siyasətinin davamıdır. Hazırda bəşəriyyətin iqlim dəyişikliyinə qarşı mübarizəsi gündən-günə güclənir və qloballaşır. Atmosferə atılan zərərli tullantıların həcminin azaldılması və “yaşıl enerji” ilə əvəz edilməsi dünya gündəliyinin ən vacib məsələlərindən birinə çevrilib. Atom elektrik stansiyalarının fəaliyyətinin azaldılması, eləcə də kömür və qazla işləyən elektrik stansiyalarının “yaşıl enerji” mənbələri ilə əvəz edilməsi üçün dünya ölkələri bir sıra planlar qurur. Azərbaycan öz növbəsində qlobal çağırışlara cavab verən layihələr reallaşdırır.
Azərbaycan alternativ və bərpa olunan enerji sahəsində böyük potensiala malik ölkələrdən biridir: Azərbaycanın bərpaolunan zəngin enerji potensialı var. Ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpaolunan enerji mənbələrinin potensialı 27000 MVt, o cümlədən, külək enerjisi üzrə 3000 MVt, günəş enerjisi üzrə 23000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Günəş enerjisi üzrə demək olar ki, bütün ölkə ərazisində layihələrin həyata keçirilməsi mümkündür. Külək enerjisi üzrə isə Xəzər akvatoriyası, Abşeron yarımadası, Bakı, habelə Xızı rayonu daha əlverişli sayılır. Qiymətləndirmələr göstərir ki, küləyin sürəti 3-4 m/s olduğu halda elektrik enerjisinin əldə edilməsi mümkündür. Bakıda küləyin orta sürəti 11 m/s-dir. Bu da paytaxtda külək enerjisindən istifadə imkanlarının daha geniş olduğunu göstərir.
Enerjiyə ən böyük tələbat paytaxtdadır və bu, yaxın perspektivdə bu tələbatın bərpaolunan enerji hesabına ödənilməsinə imkan yarada bilər. Eyni zamanda bu potensial torpaqlarımızın işğaldan azad olunmasından sonra daha da artıb. Günəş enerjisi əsasən Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında, külək enerjisi isə Laçın və Kəlbəcər rayonlarında daha yüksək qiymətləndirilir. Kəlbəcər rayonunun dağlıq ərazilərində küləyin orta illik surəti 7-8 m/s təşkil edir ki, bu da külək enerjisinin istehsalı baxımından çox əlverişlidir. Azərbaycanda yerli su ehtiyatlarının 25 faizinin Qarabağda formalaşdığı nəzərə alınmaqla, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı daha əlverişli sayılır.
Xəzər dənizi isə külək enerjisi baxımından böyük potensiala malikdir. İlkin qiymətləndirmələrə görə, Xəzərin təkcə Azərbaycan sektorunda 157 min meqavat səviyyəsində enerji olduğu hesab edilir. Bu, ölkəmizdəki elektrik stansiyalarının ümumi gücündən 20 dəfə çoxdur. Azərbaycanda 2013-2019-cu illər ərzində külək enerjisi istehsalı 131 dəfə, günəş enerjisi istehsalı isə 55 dəfə artıb. Külək və günəş enerjisi istehsalının növbəti illərdə artan templə davam edəcəyi gözlənilir. Azərbaycan növbəti illərdə bərpaolunan enerjinin ümumi istehlakda payını artırmaq niyyətindədir. Bu sahədə 2030-cu ilədək olan hədəf bərpaolunan enerjinin ümumi istehlakda payının 30 faizə qədər yüksəldilməsinə nail olmaqdan ibarətdir. Potensial var və son illər də Azərbaycan bu sahədə istehsal gücünü genişləndirməyə çalışır.Alternativ enerjidən istifadə həm də iqtisadi baxımdan Azərbaycan üçün vacibdir. Çünki Azərbaycan il ərzində 13 milyard kubmetr mavi qaz istehlak edir. Alternativ enerjidən istifadə olunması ekoloji baxımdan vacib olmaqla yanaşı, həm də mavi qaz istehlakında qənaətə imkan yarada bilər. Qənaət nəticəsində əldə edilmiş mavi qaz isə xarici ölkələrə ixrac olunmaqla daha çox valyutanın ölkəyə daxil olmasına zəmin yarada bilər. Beləliklə, alternativ və bərpaolunan enerji mənbələrindən istifadə həm ekoloji təmiz, yaşıl iqtisadiyyat prinsipləri baxımından vacib olmaqla yanaşı, həm də Azərbaycanın valyuta gəlirlərinin artırılması və iqtisadi potensialın genişləndirilməsi aspektindən də vacib hesab olunur.
Bu bax;mdan martın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının Gülüstan sarayında keçirilən təməlqoyma mərasimi böyük iqtsai əhəmiyətə malikdir.
“Yaşıl enerji”yə keçidlə bağlı atılan mühüm addımlardan da biri olan bu Mərasimdə iştirak edən Prezident İlham Əliyev qeyd edib ki, stansiya həm ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək, eyni zamanda, ixrac imkanlarımızı genişləndirəcək: “Biz elektrik enerjisini yalnız ekoloji cəhətdən təmiz mənbələrdən istehsal edirik - təbii qaz, su, günəş və külək. Bir daha demək istəyirəm ki, Azərbaycanda bərpaolunan enerji növlərinin potensialı həddindən artıq böyükdür. Məhz buna görə dünyanın aparıcı enerji şirkətləri indi Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar. Əminəm ki, biz yaxın gələcəkdə yeni layihələrin başlanmasına start verəcəyik”.
Qaradağ Günəş Elektrik Stansiyası Azərbaycanda alternativ enerji mənbələrindən istifadə imkanlarını genişləndirəcək. Ümumi gücü 230 mVt/saat olacaq bu GES-də il ərzində 500 mln kVt/saat elektrik enerjisi istehsal ediləcək ki, bu da 110 min evin enerji ilə təmin edilməsi üçün imkan yaradacaq. Bu stansiya həmçinin analoji həcmdə elektrik enerjisinin istehsalı üçün lazım olan 110 milyon kub metr qaza qənaət etməyə, 200 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını alacaq. Layihənin inşası dövründə yeni iş yerlərinin yaradılması nəzərdə tutulur. Pik periodda 700-dən artıq, stansiyanın istismarı zamanı isə 25-dən artıq daimi iş yeri yaradılacaq.
Alternativ enerji sektoru əmək tutumu yüksək olan sektordur və məşğulluğun artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, Qarabağda bərpaolunan enerji sektorunun inkişafı, regionda yeni iş yerlərinin açılmasına dəyərli töhfə verəcək.
Karbon tullantılarını yaradan əsas sahələrdən biri elektrik enerjisi istehsalıdır. Bu sahədə bərpaolunan enerjinin payının artırılması həm də karbohidrogen tullantılarını da əhəmiyyətli dərəcədə azaldacaq. Azərbaycan Paris İqlim Sazişinin tələblərinə uyğun olaraq, 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 faizi azaltmağı hədəf kimi götürüb. Bərpaolunan enerji ekoloji cəhətdən təmiz olduğu üçün, bu, Azərbaycanın Paris sazişi çərçivəsində öhdəliklərinin yerinə yetirilməsinə və ölkədə ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına dəyərli töhfə verəcək.
Prof.A.M.Bayramov
ADAU-nun İctimai elmlər və multikulturalizm kafedrasının müdiri