/ / Milli həmrəylik amili davamlı uğurlarımızın təminatçısıdır

Milli həmrəylik amili davamlı uğurlarımızın təminatçısıdır

303 Baxış

Milli həmrəylik amili davamlı uğurlarımızın təminatçısıdır

Müasir Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkənin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur. Hələ 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri vəzifəsini icra edən Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın önəmini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi elan etdi.Həmin tarix bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir.1993-cü ildə iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratmışdır.Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin məqsədi dünya azərbaycanlılarını bir araya gətirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarət olmuşdur. Ümummilli lider Heydər Əliyev Azərbaycanda milli həmrəyliyi təmin etməklə sabitliyin və təhlükəsizliyin qorunmasına, inkişafın davamlı prosesə çevrilməsinə nail ola bildi. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər ərzində həmrəylik Azərbaycan dövlətinin milli gücünü artıran amillərdən biri olub. Ümummilli Liderimiz bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı. Zaman keçdikcə diaspor quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması əsas məsələyə çevrildi.İndiki anlamda dünya azərbaycanlılarının birliyi və həmrəyliyi dövlət müstəqilliyimizin bərpasından sonra rəsmi siyasət səviyyəsində dəstəklənən aşkar prosesə çevrilmişdir.Azərbaycançılıq ideyası ölkə daxilində vətəndaşlarımızı, xaricdə isə soydaşlarımızı birləşdirir, təşkilatlandırır. Çünki ölkə daxilində güclü vətəndaş həmrəyliyinin olması ilə yanaşı, xaricdəki güclü diaspor fəaliyyəti də dövlətçiliyimizi möhkəmləndirən amillərdən biridir.

Heydər Əliyev zamanında bu yanaşmanı bütövlükdə dünya miqyasında yaşayan azərbaycanlıların hamısına aid etməyin çox səmərəli formulunu da ifadə etmişdir. Bu əsasən azərbaycanlıların öz milli dəyərlərini saxlamaqla yanaşı, hansı ölkədə yaşayırlarsa, onun cəmiyyətinə mütləq inteqrasiya olunması şərtini qoymasında ifadə olunub. Yəni azərbaycanlı həm milli-mənəvi əxlaqi keyfiyyətlərini qoruyub saxlamalı, həm də dünya mədəniyyətinə açıq olmalıdır.Yəni daim öz üzərində işləməli, yeniləşməli, müasirləşməlidir. Bu aspektdə müasirliyin həmrəyliklə əlaqələndirilməsi tarixi baxımdan çox önəmlidir.

Heç şübhəsiz bu siyasətin davamı olaraq 2020-ci il noyabr ayında əldə etdiyimiz Qələbə birliyimizdən və həmrəyliyimizdən keçir. Azərbaycanda xalq-lider birliyi, yəni, milli həmrəylik amili davamlı uğurlarımızın təminatçısıdır. Ümumiyyətlə, müstəqillik dövrünün prosesləri və reallıqları təsdiqləyir ki, milli həmrəylik xalqımız, dövlətimiz üçün taleyüklü anlarda həlledici faktor kimi çıxış edib. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 18 il ərzində isə milli həmrəyliyin daha da gücləndirilməsi Azərbaycanın möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth etməsinə gətirib çıxararaq ölkəmizin dünya birliyində layiqli yer tutmasını şərtləndirdi. Azərbaycanın adının dünya siyasi tarixinə qalib ölkə kimi yazılmasını, tarixi ədalətin, milli ləyaqətin və milli qürurun bərpasını təmin edən 44 günlük Vətən müharibəsində qazanılmış qələbədə isə milli həmrəylik amilinin yeri və rolu müstəsnadır. Daha dəqiq desək, Prezident-Xalq-Ordu birliyi Azərbaycanın tarixi qələbəsinin əsasında duran ən mühüm amildir.

ADAU-nun İctimai elmlər və multikulturalizm kafedrasının müdiri
Prof Bayramov Azad Mustafa oğlu

FOTO / VİDEO
VİDEO