/ / Təhsil işçilərinin sosial müdafiəsi

Təhsil işçilərinin sosial müdafiəsi

365 Baxış

Təhsil işçilərinin sosial müdafiəsi

Azərbaycanda təhsilin ,insan kapitalının inkişaf etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Cənab prezidentimiz İlham Əliyevin dilindən desək: "Azərbaycanda bütün kapitallardan ən üstünü insan kapitalıdır.İnsanı da kapital edən, yəni onu birinci edən ölkədə olan təhsildir. Bu mənada, Azərbaycanda təhsil konsepsiyası uğurla həyata keçirilir".Ölkədə təhsil sisteminin əsas vəzifəsi əslində, iqtisadiyyatımızın qlobal sistemə uğurla inteqrasiya və ölkənin beynəlxalq rəqabətdən daha effektiv faydalanmaqdan ibarətdir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin davamlı təhsil sərəncamları əsasında təhsilimizin normativ hüquqi bazası təkminləşdirilmiş, maddi texniki təminat istiqamətində geniş tədbirlər həyata keçirilmişdir. Birmənalı olaraq demək olar ki, təhsil hər bir fərdin cəmiyyətin layiqli üzv olmasına şərait yaradır, onu nümunəvi vətəndaşa çevirir.

Təhsilimizin məzmununun əsas istiqaməti milli və ümumbəşəri dəyərlər, müstəqil dövlətçilik prinsipləri və beynəlxalq təcrübə əsasında formalaşmasından ibarətdir. Bu sahədə sözsüz ki, təhsilverənlərin yəni müəllimlərin fəaliyyəti son dərəcə əhəmiyyətlidir. Çünki təhsilin bütün mexanizmlərinin əsas icraçıları müəllimlərdir. Azərbaycan Respublikası vətəndaşlarının rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin siyasətinin ana xəttini təşkil edir. Dövlət başçısının yeni Fərman və Sərəncamları bu sahədə xüsusilə son illərdə ardıcıl, geniş miqyas alan sosial islahatların növbəti mərhələsinə qədəm qoymasına imkan yaradıb.

Prezident İlham Əliyevin 2021-ci il dekabrın 17-də imzaladığı yeni iki Sərəncamla dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin maaşları orta hesabla 40 faiz artırılır. Habelə dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin maaşları orta hesabla 40 faiz, fiziki tərbiyə rəhbərlərinin maaşları orta hesabla 30 faiz artırılır. Bu əməkhaqqı artımı 165 min təhsil işçisinə şamil olunmaqla, onların sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. Artımlar üçün dövlət büdcəsində 273 milyon manat illik əlavə vəsait nəzərdə tutulub. Prezident İlham Əliyevin imzaladığı yeni iki Sərəncam ölkəmizdə təhsil işçilərinin sosial müdafiəsinə diqqət və qayğı göstərilməsinin növbəti təzahürüdür. Azərbaycan təhsili hər zaman öz fədakar, yüksək səriştəli pedaqoqları ilə seçilib. Bu gün ölkəmizdə aparılan uğurlu təhsil islahatlarının nəticəsi olaraq cəmiyyətdə müəllim peşəsinin hörmət və nüfuzu artır.

Azərbaycan Prezidentinin haqlı olaraq qeyd etdiyi kimi, Azərbaycanda son illər müəllim olmaq istəyənlərin sayı ilbəil artır, müəllim peşəsinin hörməti artır və bu, çox sevindirici haldır.. Bu gün Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrindən biri gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə etməkdir. Bu sahədə fədakar müəllim ordusunun rolu böyükdür.. Çünki Vətənimizin, müstəqil Azərbaycanın gələcəyi bugünkü gənc nəslin düzgün təlim -tərbiyəsindən asılıdır. Gənclərimizin qarşısında dövlətimizi, xalqımızı daha da irəli aparmaq, Azərbaycanın istiqlal və istiqbalını gücləndirmək kimi şərəfli vəzifələr dayanır. Bu gün Azərbaycan dövlətinin, şəxsən müdrik Prezidentimiz İlham Əliyevin milli təhsilin inkişafına göstərdiyi böyük diqqət və qayğı öz bəhrəsini verməkdəir. Azərbaycan təhsili keyfiyyətcə yeni, daha yüksək səviyyəyə çatdıqca, ölkəmizin, xalqımızın tərəqqi və intibahı daha da sürətlənir.


Prof.A.M.Bayramov, ADAU-nun İctimai elmlər və multikulturalizm kafedrasının müdiri

FOTO / VİDEO
VİDEO