/ / Azərbaycan və İtaliya dövlətləri arasında qarşılıqlı tərəfdaşlıq

Azərbaycan və İtaliya dövlətləri arasında qarşılıqlı tərəfdaşlıq

395 Baxış

Azərbaycan və İtaliya dövlətləri arasında qarşılıqlı tərəfdaşlıq

Avropa və Asiya qitələrinin mərkəzi nöqtəsində yerləşməsi, hər iki qitənin qabaqcıl dövlətləri ilə geniş əlaqələr qurmaq istəyi, tutduğu mövqe Azərbaycanı Avropa siyasəti üçün önəmli yerə çıxarır. Ölkəmizin zəngin təbii sərvətləri, regionda böyük potensiala malik olması onu dünya ölkələri üçün vacib tərəfdaşa çevirir. Habelə, Azərbaycan xalqının və dövlətinin sülhsevər xarici siyasəti, azad bazar iqtisadiyyatı yolunu tutması, bu sahədə mühüm qanunvericilik bazasının mövcudluğu, bir sıra beynəlxalq təşkilatlara üzv olması Azərbaycanın əhəmiyyətini artırır.

Son zamanlar Azərbaycan və İtaliya arasında münasibətlərin artan xətt üzrə inkişaf etdiyinin şahidiyik. Avropa İttifaqının vacib dövlətlərindən olan İtaliya ilə əlaqələrin iqtisadi inkişafı təbii ki, siyasi dialoqun nəticəsidir.

Azərbaycanla İtaliya arasında yaxınlığın, əlaqələrimizin inkişafına böyük təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr göstərmək mümkündür. Sevindirici haldır ki, ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir.

İtaliya-Azərbaycan əlaqələrindən danışarkən ilk növbədə enerji layihələri nəzərdə tutulur. Ələlxüsus indiki halda İtaliyanın Avropa İttifaqının vacib dövlətlərindən biri olması gələcəkdə Xəzərdən və Xəzər vasitəsi ilə enerji resurslarının Aİ-yə nəqli məsələlərində Romanın dəstəkləyici qüvvə kimi çıxış etməsi imkanını genişləndirir.

İtaliya ilə Azərbaycan arasında iqtisadi əlaqələr, əsasən neft-qaz, qeyri-neft sektoru, sənaye sahələrini əhatə edir. İqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub.

Azərbaycanın Dövlət Neft Şirkəti və onun nəzarətində olan şirkətlər tərəfindən İtaliya­nın mühəndislik, tikinti və tex­nologiyalar sahəsində aparıcı şirkətləri arasında bir sıra iri həcmli müqavilələr imzalanıb. Bu müqavilələrin əsasında İtaliya şirkətləri Azərbaycanda neft-kimya sahəsində müəssisələrin tikilməsi və yenidənqurulması sahəsində layihələndirmə, mühəndislik və tikinti işlərini həyata keçirəcəklər. Bunlar arasında “SOCAR Poly­mer” şirkəti ilə İtaliyanın “Maire Technimont S.p.A.” şirkəti arasında Sumqayıtda Polipropilen zavodunun inşası ilə bağlı müqavilə, “SOCAR Polymer” və İtaliyanın Maire Technimont S.p.A.. şirkəti (nəzarətində olduğu “KT-Kinetics Technology S.p.A” şirkəti adından) arasında Sumqayıtda Polipropilen zavodu layihəsinin reallaşdırılması çərçivəsində Saziş, “Azərikimya” İstehsalat Birliyinin “Etilen-polieti­len” zavodunun yenidənqurulması layihəsi çərçivəsində ARDNŞ və İtaliyanın Technip şirkəti arasında detallı mühəndislik və təchizata dəstək xidmətləri üzrə ilkin işlərə dair müqavilə, “Danieli & C.Officine Meccaniche SpA” şirkəti və “Baku Steel Company” arasında 5 metallurgiya müəssisəsinin tikintisini nəzərdə tutan “açaraltı” müqavilə vardır.

2021-ci il dekabrın 15-də İtaliyanın ən tanınmış siyasi qəzeti olan “İl Sole 24 Ore”ə olan müsahibəsində dövlət başçısı İlham Əliyev Azərbaycan – İtaliya münasibətlərinə verilən dəyərdən bəhs edərək, bildirmişdir: “Dost ölkə olaraq İtaliya bizim azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün dəvət etdiyimiz ilk ölkələrdən biri olub. Birincisi Türkiyə idi, ikincisi İtaliya. Sizə deyə bilərəm ki, hazırda italyan şirkətlərinin orada icra etdiyi çoxlu layihələr var. Biz italyan memarlarını Şuşadakı tarixi abidələrimizi və məscidlərimizi bərpa etmək üçün dəvət etmişdik. Bu, çox rəmzi məna daşıyan bir jestdir, çünki Şuşa bizim üçün müqəddəs yerdir. Şuşa Azərbaycanın mədəni paytaxtıdır”.

Azərbaycan və İtaliya beynəlxalq müstəvidə də daim bir-birini dəstəkləyib, iki ölkə arasında böyük etimad formalaşıb. 30 ilə qədər davam edən Qarabağ münaqişəsi zamanı da İtaliya beynəlxalq qanunlara əsaslanaraq ədalətli mövqe nümayiş etdirib. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsi zamanı da İtaliya Azərbaycanın haqlı mövqeyini dəstəklədi.

İki dövlət arasında atılan bütün addımlar Azərbaycan və İtaliya xalqlarının yaxınlaşması, bir-birini daha yaxından tanıması və gələcəkdə daha geniş tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin qurulması üçün çox vacib addımlardır.


Prof.A.M.Bayramov, ADAU-nun İctimai elmlər və multikulturalizm kafedrasının müdiri

FOTO / VİDEO
VİDEO