/ / Azərbaycanın Avropa İttifaqı ilə qarşılıqlı əlaqələrinin əhəmiyyəti

Azərbaycanın Avropa İttifaqı ilə qarşılıqlı əlaqələrinin əhəmiyyəti

367 Baxış

Azərbaycanın Avropa İttifaqı ilə qarşılıqlı əlaqələrinin əhəmiyyəti

Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa İttifaqı ilə əlaqələri indiyədək iqtisadi və siyasi islahatlara dəstək, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və s. kimi müxtəlif çərçivələrdə inkişaf etdirmişdir.
Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlıq Azərbaycanın xarici siyasət doktrinasında mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdir.

Azərbaycan “Avropa qonşuluq siyasətinə” qoşulduqdan bir neçə il sonra ölkəmizlə Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanmış, 2008-ci ildə isə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına qoşulmaqla siyasi, iqtisadi əməkdaşlığı daha da genişləndirmiş və qarşılıqlı əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.

Azərbaycan Avropa və Asiyanı birləşdirən əlverişli geosiyasi və geoiqtisadi mövqeyə, Xəzər dənizi vasitəsilə Rusiyaya, Orta Asiyaya, Qazaxıstana və İrana, avtomobil-dəmir yolu vasitəsilə Gürcüstana, Qara dəniz bölgəsinə, İrana, Türkiyəyə (Naxçıvan vasitəsilə), Rusiyaya, Ermənistana çıxışı olan nəqliyyat-kommunikasiya xətlərinə malikdir. Avropa İttifaqının Azərbaycandakı maraqlarının başlıca iqtisadi faktorları onun transregional kommunikasiya imkanları ilə əlaqədardır.

Azərbaycanın siyasi nüfuzunun artması və Avropa İttifaqı ilə sıx əlaqələrin qurulması Ali Baş Komandanımız İlham Əliyevin uğurları sırasındadır. Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətli addımları ilə sözün əsl mənasında dünyanı heyrətləndirdi. BMT, Aİ, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri və başqa güclər Dağlıq Qarabağ münaqişəsi ətrafında özlərinə sərf edən oyunlar qurmaqda davam etdikləri bir zamanda Azərbaycan BMT-nin məlum qətnamələrini və Aİ-nin qəbul etdiyi sənədlərdə vurğulanan müddəaları təkbaşına həyata keçirməyə başladı. Əvvəlcə Bakının uğur əldə edəcəyinə şübhə etdilər, qısa müddətdə isə tamam başqa mənzərənin şahidi oldular. Bəli, tarixi Qarabağ zəfəri Avropa İttifaqının regiona münasibətini dəyişdi.

2021-ci il dekabrın 15-də Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammiti keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.

Prezident İlham Əliyev Şərq Tərəfdaşlığının VI Sammitində Ermənistan ilə Azərbaycan arasında konstruktiv mühitin hökm sürdüyünü qeyd edib, belə bir mühitin yaradılmasında Avropa İttifaqının rolunu xüsusi vurğulayıb. Dövlətimizin başçısı bu imkanın əldən verilməməsi və yaranmış fürsətdən istifadə edərək regionda davamlı sülhün təmin olunması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini bildirib.

Dövlətimizin başçısı, eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlığı qeyd edib, bu münasibətlərin də strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirib. 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizinin XXI əsrin ən böyük infrastruktur layihələrindən biri olduğunu vurğulayan Prezident İlham Əliyev bu layihənin son komponenti olan Trans-Adriatik xəttinin işə salınması ilə Azərbaycan qazının Avropa məkanına çatdırıldığını diqqətə çatdırıb.

Ali Baş Komandan İlham Əliyevin düzgün siyasəti nəticəsində, Azərbaycan hər zaman Avropa İttifaqı ilə münasibətlərin real zəmində səmərəli olması üçün üzərinə düşən bütün vəzifələri yüksək səviyyədə yerinə yetirir. Bununla rəsmi Bakı həm Avropa İttifaqı ilə əlaqələri gücləndirir, həm də bir daha regionun aparıcı dövləti, lider ölkəsi kimi fəallığını ortaya qoyur.

FOTO / VİDEO
VİDEO