/ / Medianın inkişafında yeni mərhələ

Medianın inkişafında yeni mərhələ

388 Baxış

Medianın inkişafında yeni mərhələ

Milli mətbuatımız yarandığı 146 ildə Azərbaycanda milli məfkurənin, düşüncənin formalaşmasında mühüm rol oynayıb, hüquqi bazaya, demokratik ənənələrə malik olub. Dövlət müstəqilliyinin bərpa edilməsinin 30 illik dövründə demokratik cəmiyyətin tərkib hissəsi kimi inkişaf yolu keçib.

Ulu öndərimiz Heydər Əliyevin fərmanı ilə 1998-ci il avqustun 6-da senzuranın ləğv edilməsi isə mətbuatımızın inkişafında yeni mərhələnin əsasını qoyub. 1999-cu ildə hazırda qüvvədə olan “KİV haqqında” qanun qəbul olunub. Bu gün isə müasir çağırışlara cavab vermir.

İkinci Qarabağ müharibəsindən sonra ölkəmizdə dövlət-cəmiyyət, dövlət-media, media-cəmiyyət münasibətində də yeni reallıqlar özünü göstərdi. Hər şeydən əvvəl medianın qanunvericilik bazasının yenilənməsi zərurətə çevrildi. 2021-ci il 12 yanvar tarixində Prezident İlham Əliyev Azərbaycanda media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən ölkədə medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb. Bu agentlik “Media haqqında” yeni Qanun layihəsini hazırlayıb, onu ictimai müzakirəyə verib. Hazırda Milli Məclisin müzakirəsindədir.

Yeni Qanun layihəsinin mühüm maddələrindən biri media azadlığıdır. Layihədə göstərilir ki, media sahəsində dövlət senzurası, habelə bu məqsədlə dövlət orqanlarının (qurumlarının) və vəzifələrin yaradılması, maliyyələşdirilməsi qadağandır.

Media sahəsində fəaliyyət yaradıcılıq və redaksiya müstəqilliyi əsasında həyata keçirilir. Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə etmək yolverilməzdir.

Yeni qanun media subyektlərinin dəqiq təsnifatını verir və eyni zamanda jurnalistin sosial portretini müəyyən edən vasitə kimi çıxış edir.

Layihədə informasiya texnologiyalarından doğan bütün müasir dövrün tələbləri əhatə olunub. Qanunun hazırlanmasını əslində zaman özü, informasiya texnologiyalarının sürətli inkişafı zərurətə çevirib.

Media reyestri yaradılması media sektorunda bir aydınlıq əmələ gətirəcək. Bu reyestrin məqsədi media subyektlərinin sayını müəyyən etmək, işçilərin hüquqlarını müdafiə etmək və stimullaşdırmaq üçündür.

Çap mediası və onlayn media subyektlərinin təsis edilməsi üçün dövlət orqanlarından icazə tələb olunmayacaq.

Qanun layihəsi jurnalistin statusu, redaksiyaların statusu və bir çox digər məsələləri də özündə əks etdirir.

Jurnalistlər üçün vahid formalı vəsiqələrin tətbiqi müsbət amildir. Onlar qanunla nəzərdə tutulan imtiyazlardan istifadə edəcək. Vəsiqəni hər hansı şəxsə işlədiyi media da verə biləcək.

Qanun jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı neqativ halların aradan qaldırılmasına şərait yaradacaq.

Qanunda bir çox yeniliklər də var ki, bunlar jurnalistin yaradıcılıq əzmini artıracaq. “Media haqqında” Qanun ölkə mediasının inkişafında yeni mərhələ təşkil edəcək.



Zirəddin Cavadov

Azərbaycan Texnologiya Universitetinin “Texnoloq” qəzetinin redaktoru

FOTO / VİDEO
VİDEO