/ / Azərbaycan xalqının dahi oğlu – Heydər Əliyev dühası

Azərbaycan xalqının dahi oğlu – Heydər Əliyev dühası

426 Baxış

Azərbaycan xalqının dahi oğlu – Heydər Əliyev dühası

Heydər Əliyev haqqında danışarkən ilk növbədə onun tarixi şəxsiyyət olması yada düşür.Tarixilik H.Əliyevin siyasi obrazının ən aparıcı cizgilərindən biridir. Heydər Əlirza oğlu Əliyevin şəxsiyyəti, həyatı və fəaliyyəti görkəmli dövlət və siyasi xadim kimi müasir Azərbaycan tarixinin parlaq səhifəsini təşkil edir.Bu dövr Azərbaycan tarixində xüsusi yer tutur. Bu dövrü fərqləndirən mühüm cəhətlərdən biri ondan ibarətdir ki, Azərbaycanda Heydər Əliyev kimi dünya şöhrətli dövlət başçısı və siyasi xadim yetişmişdir. Onun həyat yolu olduqca zəngin, mənalı və bacarıqlı siyasi lider, qüdrətli tarixi şəxsiyyət kimi yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunə məktəbidir. Heydər Əliyevi rəhbər kimi başqalarından fərqləndirən mühüm bir keyfiyyət ondan ibarətdir ki, o, iki siyasi sistemdə Azərbaycana rəhbərlik etmiş və hər bir dövrün ictimai-siyasi tələblərinə uyğun olaraq özünün bütün fəaliyyətini Azərbaycan Respublikasının yüksəlişinə, xalqın mənəvi-mədəni inkişafına həsr etmişdir. Heydər Əliyevin bütün siyasi və dövlətçilik fəaliyyəti çağdaş Azərbaycanın, Azərbaycan xalqının, milli dövlətçiliyin inkişafı və möhkəmlənməsi tarixidir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər ölkəmizin iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi inkişafında yüksəliş, tərəqqi meylləri ilə fərqlənir.1969-1982-ci illərdə Azərbaycan SSR-də qazanılan nailiyyətlər müstəqil Azərbaycan Respublikası tarixində dönüş mərhələsinin təməli oldu. Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri də ondan ibarətdir ki, hələ Azərbaycan Respublikası SSRİ tərkibində olduğu vaxt o, respublikamızın müstəqil yaşaması və inkişaf etməsinə qabil olması haqqında da düşünür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirirdi.1969-cu ildə Heydər Əliyevin respublikada hakimiyyətə gəlməsinin mühüm əhəmiyyəti, nəticəsi bir də onunla əlamətdar oldu ki, 1970-ci illərdə Azərbaycan sənayesinin yenidən qurulması proqramı işləndi və həyata keçirilməsinə başlandı. Bu illərdə Azərbaycan sənayesinin yenidən qurulmasının əsası qoyuldu və ardıcıl olaraq həyata keçirildi.H.Əliyevin hakimiyyətə qayıtmasının ciddi sosial qanunauyğunluqları var. Xalq 1993-cü ildə 1970-ci illərdən tanıdığı bildiyi, bir qədər əfsanəvi olduğu qədər gerçək qəhrəman olan H.Əliyevi hakimiyyətə dəvət elədi. H.Əliyev ictimai rəyi ona görə yönəldə bilirdi ki, sözün enerji daşıyıcısı olduğunu bilirdi, enerjini duyurdu və enerjinin bütün detallarına qədər yönləndirirdi.H.Əliyev siyasətdə də, mətbuatda da, ictimai rəydə də məqamı tutmağın, onu yönləndirməyin idarə etməyin mahir ustası idi.Ulu Öndərin xalqın təkidi ilə Naxçıvana gəlməsi,oranı bəlalardan qurtarması, rəhəbərliyə gəlməsi tarixi salnamədir.Bu salnamənin əhəmiyyətli yekunu ondan ibarət oldu ki, H.Əliyev öz məharəti,siyasi təmkinliyi və təcrübəsi ilə Azərbaycanın müstəqilliyinin əbədi, daimi və uğurlu olması üçün böyük bir yol kəşf elədi.H.Əliyevin aşdığı yolun fundamentində o dayanırdı ki,xalqın milli mənəvi dəyərlərini özündə əks elətdirib, dəymiş ziyanları bərpa etmək və xalqın özünəməxsus nəyi varsa qaytarmaq idi.Hələ Naxçıvanda olarkən bu yolun iqtisadi cəhətlərini orda tətbiq eləmişdir. H.Əliyev Naxçıvanı çətinlikdən qurtardı, bu çox böyük qlobal məsələ idi.Naxçıvan əhalisinin maddi çətinliklərini aradan qaldıraraq qonşu Türkiyənin dəstəyi ilə,həmçinin xalqın mənəvi dəyərlərini geri qaytardı.

Azərbaycan müstəqillik əldə etdikdən sonra onun qorunmasında və möhkəmləndirilməsində ciddi problemlər yarandı. Daxili ictimai sabitlik pozulmuş, möxtəlif silahsız dəstələr yaradılmış, hakimiyyət davası son həddə çatmışdı. Dağlıq Qarabağ problemi çətin düyünə salınmışdı ki, bu da çox ağır nəticələrə gətirib çıxardı. Lakin belə bir vəziyyətdə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə əlaqədar olaraq müstəqil dövlətçilik tarixinin yeni dövrü başlandı. Artıq 1993-cü ilin iyun ayından başlayaraq hakimiyyət boşluğu aradan qaldırıldı.Azərbaycanın müxtəlif bölgələrində baş qaldırmış separatçı qüvvələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı. Ən əsas nailiyyətlərdən biri də dövlət haki-miyyəti ilə, şəxsən Prezident Heydər Əliyevlə xalqın birliyi oldu.Yaranmış şəraitdən istifadə edilərək dövlətçiliyin möhkəmləndirilməsi, sosial-iqtisadi islahatların həyata keçirilməsi, demokratiyanın genişləndirilməsi, respublikamızın beynəlxalq aləmdə böyük nüfuz qazanması və onun daha da artması, dövlət hakimiyyətinə qarşı təşkil edilən qəsdlərin qarşısının alınması yolunda əməli addımlar atıldı.

1995-ci il noyabrın 12-də Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi müstəqilliyin möhkəmləndirilməsinə, demokratiyanın inkişafına və hüquqi dövlət quruculuğu prosesinin güclənməsinə şərait yaratdı. Şərq aləmində, islam dünyasında ilk dəfə olaraq Azərbaycanda ölüm hökmünün ləğv edilməsi ölkəmizin dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəlilədiyini bir daha sübut etdi.

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev neft sənayesində də yeni bir dövrün, mərhələnin başlandığını göstərdi. Bu mərhələdə xalqımız artıq öz təbii sərvətlərindən istifadə etmək imkanları qazanmışdı. «Əsrin müqaviləsi»nin birinci mərhələsinin müvəffəqiyyətlə həyata keçirilməsi xaricdə Azərbaycanın nüfuzunun yüksəlməsinə, onun müstəqilliyinin möhkəmlənməsinə,böyük gələcəyinə inamın daha da artmasına səbəb oldu Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin rəhbərliyi ilə dövlətimizin daxili və xarici siyasəti uğurla həyata keçirilirdi.Təkcə bunu qeyd etmək kifayətdir ki, yeni əsrin başlanğıcında Azərbaycan Respublikasının Avropa Şurasına qəbul edilməsi görülən məqsədyönlü işlərin məntiqi nəticəsidir.Azərbaycan dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilmişdir. Onun 170 qədər ölkə ilə diplomatik əlaqəsi vardır.Vyana konvensiyasının iştirakçısı olan dövlətlərlə konsulluq münasibətləri yaradılmışdır.Respublikamızda 60-dan çox xarici dövlətin səfirlikləri fəailiyyət göstərir. Azərbaycanın isə 70-dən çox ölkədə səfirliyi, baş konsulluğu və daimi nümayəndəliyi vardır.Respublikamız bir çox beynəlxalq təşkilatlarda təmsil olunmuşdur. Əlbəttə ki, bütün bu inkişaf yalnız böyük siyasətçi, dövlət xadimi,ümummilli lider Heydər Əliyevin sayəsində əldə olunmuşdur.

Azərbaycanın 10 il müstəqil inkişafı nəticəsində dünyada azərbaycançılıq hərəkatı təşəkkül tapmış və yayılmışdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyinin yaradılmasında Heydər Əliyevin böyük tarixi xidməti olmuşdur.2001-ci ilin noyabr ayında Bakıda Dünya Azərbaycanlılarının qurultayının keçirilməsi haqqında fərmanın böyük siyasi əhəmiyyəti vardır.Azərbaycan Respublikası demokratik yolla inkişaf edir və möhkəmlənirdi. Müxtəlif siyasi partiyalar, ictimai təşkilatlar, xeyli miqdarda mətbuat orqanları,özəl televiziya və radio kanalları fəailiyyət göstərirdi. Ölkəmizdə siyasi plüarilizm, fikir azadlığı təmin edilmişdir. Demokratik inkişaf yolu ictimai həyatın bütün sahələrinə nüfuz etmişdir.

İftixar hissi ilə qeyd etmək lazımdır ki, müstəqillik yolunda 10 illik inkişaf tarixi-Azərbaycanda dövlətçiliyin qorunub saxlanılması və möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyəti yaradılması,iqtisadiyyatın yeni qaydada təşkili, elmin təhsilin və mədəniyyətin sürətli templə inkişaf tarixidir. Azərbaycan dilinə qayğı, əlifba islahatının keçirilməsi milli mədəniyyətin inkişafına mühüm addımdır. Əslində yeni bir Azərbaycan yaranmışdır. Ona görə də hər zaman hər bir Azərbaycan vətəndaşı Azərbaycan xalqı üçün canından belə keçməyə hazır olan, xalq üçün çalışan ulu öndərimiz Heydər Əliyevi heç vaxt unutmamalıdır.

ADAU-nun İctimai Elmlər və Multikulturalizm kafedrasının müdiri
Prof. Bayramov Azad Mustafa oğlu

FOTO / VİDEO
VİDEO