/ / Laçın rayonunun strateji əhəmiyyəti

Laçın rayonunun strateji əhəmiyyəti

912 Baxış

Laçın rayonunun strateji əhəmiyyəti

Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Kiçik Qafqaz sıra dağlarına məxsus olan Qarabağ dağ silsiləsinin suayrıcı ilə Qarabağ yaylası arasında yerləşir. Bu ərazinin böyük hissəsi düzənlik və yaylalardan ibarətdir. Diyarın təbii-coğrali mövqeyi olduqca əlverişlidir. Bölgədə civə, müxtəlif tərkibli metallar, tikinti materialları rayonun əsas faydalı qazıntılarıdır. Rayonun ərazisində mineral su mənbələri də var.

Qədim yurd yerimiz Laçının işğal edilməsi ermənilərin uzun illər ərzində qurduğu ən vacib plan idi. Çünkü Laçının ələ keçirilməsi Ermənistanın Qarabağa yolunun tamamilə açılması demək idi.

Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi Şuşa şəhərinin işğalından sonra, erməni hərbi qüvvələri Şuşa-Laçın yolunu bağlayaraq birbaşa Ermənistan Respublikası ərazisindən Laçın şəhərini güclü top atəşinə tutdular. Erməni hərbi qüvvələrinin məqsədi işğal etdikləri Azərbaycan torpaqlarında möhkəmlənmək, Qarabağın dağlıq hissəsini Ermənistan Respublikasına birləşdirmək üçün onların arasında dəhliz açmaq idi. Bu yolda iki respublikanın arasında yerləşən Azərbaycan şəhəri - Laçın əsas maneə idi. Şuşa işğal edildikdən az sonra, ermənilər qısa müddət ərzində, yəni mayın 18-də Laçın şəhərini də zəbt etdilər. Nəticədə, 1385 km2 ərazisi, 71 000 nəfər əhalisi və 120 kəndi olan Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu.

Beləliklə, "öz müqəddəratını təyin etmək" ideyasını reallaşdırmaq adı altında Azərbaycanın Dağlıq Qarabağ bölgəsini Ermənistanla birləşdirən dəhliz silah gücünə ələ keçirildi. Laçının işğalı müharibənin Dağlıq Qarabağ hüdudlarından çıxdığını və Ermənistanın hərbi işğalçılıq niyyətinin böyük olduğunu göstərdi. Ermənilərin "humanitar dəhliz" adlandırdığı bu yol ilə Dağlıq Qarabağa külli miqdarda silah, döyüş sursatı və hərbi qüvvə gətirildi.

Laçın dəhlizi Gorus – Şuşa – Kəlbəcər – Qubadlı arasında yerləşən strateji baxımdan çox əhəmiyyətli coğrafi ərazidir. Laçının şərq hissəsi Qarabağ silsiləsinin qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub yamaclarında ( Dəlidağ dağ, 3616 metr), qərbi Qarabağ vulkanik yaylasında yerləşir( Qızılboğaz dağı, 3594 metr, Böyük İşıqlı dağı, 3550 metr) əhatə edir. Bu yüksəkliklərdən hətta adi gözlə Qarabağın bütün ərazilərini müşahidə etmək mümkündür.

Ərazi etibarı ilə təbii resurslarla zənginliyi Laçın “koridor”unun əhəmiyyətini daha da artırır. Zəngəzur silsiləsinin bütün zirvə hissəsinin öz başlanğıclarını Laçın dəhlizindən götürdüyünü, desək, heç də yanılmarıq. Bu dağ silsiləsi qalın otlaqlı yaylaqlardan, böyük çınqıllıqlardan, yeraltı və yerüstü mədənlərdən, mineral yataqlarından, eləcə də silsilənin ətəkləri isə nadir növlü ağaclara malik enliyarpaqlı meşələrdən və kolluqlardan ibarətdir. Zəngəzur dağ silsiləsinin şimal-şərq və cənub-şərq istiqamətlərində dağlar arasında xeyli sayda böyük şirin su ehtiyatına malik göllər vardır. Təsadüfi deyildir ki, Həkəri, Bərgüşad, Tərtər və Bazarçay çayları öz mənbələrini buradan götürür. Bir çox nağıl və əfsanələrin epizoduna çevrilən Arpaçay çayı isə öz mənbəyini dəniz səviyyəsindən 3000-4000 metr yüksəklikdən çox güman ki Alagöllərin qrunt sularından alır.

Laçın “dəhlizi” Azərbaycan üçün strateji (tarixi əhəmiyyəti) olan ərazidir. Laçın ərazisində hələ tədqiq edilməmiş 500 tarix və mədəniyyət abidəsi. O çümlədən I-II əsrlərə aid qaya təsvirləri, 1 mağara, 5 antik qala, Siklop tipli yaşayış yerləri, kurqanlar, at – qoç fiqurları, pirlər, inanc yerləri, türbələr, məscidlər, Qafqaz Albaniyası dövrü memarlıq abidələri və s. var.

Dəhliz uzun illər erməni silahlı qüvvələrinin, işğalçıların nəzarətində qalmışdır. 1992-ci il 18 maydan etibarən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan Laçın rayonu, 28 ildən sonra Azərbaycana qaytarılıb. Ali Baş Komandanın düzgün siyasəti nəticəsində bir güllə atmadan, bir şəhid vermədən belə 2020-ci il noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu dekabrın 1-də isə Laçın rayonunu işğaldan azad edərək dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü bir daha təsdiqlədi.

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı hərb tariximizə daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma, abadlaşdırma işləri dayanmadan aparılır. Dövlət başçısı İlham Əliyev 2021-ci il fevral ayında Qarabağa səfər edərkən Laçın rayonuna da üz tutur və Su Elektrik stansiyasının açılışında iştirak edir: “Bu gün Güləbird kəndində Su Elektrik Stansiyasının açılışıdır. Laçın rayonu işğaldan azad olunandan heç iki ay keçməmiş – ay yarımdan sonra artıq burada Su Elektrik Stansiyası istismara verilir. Bu Su Elektrik Stansiyasının generasiya gücü 8 meqavatdır. Kiçik su elektrik stansiyaları arasında 8 meqavatlıq stansiya orta həcmli stansiya sayıla bilər. Əsas məsələ ondadır ki, bu stansiya işə düşəndən sonra artıq burada generasiya gücləri yaranır və beləliklə, biz təbiətimizdən - Həkəri çayından səmərəli şəkildə istifadə edəcəyik.

Dövlətimizin başçısı 2021-ci il avqustun 16-da Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin və Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub.

Səfər çərçivəsində dövlətimizin başçısı Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin və Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub.

Laçın rayonu region üçün mühüm coğrafi mövqeyə malikdir, həyata keçirilən bərpa və yenidən qurma işləri strateji mövqelərimizi daha da möhkəmləndirəcək.


Prof.A.M.Bayramov ADAU-nun İctimai elmlər və multikulturalizm kafedrasının müdiri

FOTO / VİDEO
VİDEO