/ / Böyük qayıdış Cəbrayıldan başlayıb

Böyük qayıdış Cəbrayıldan başlayıb

31 Baxış

Böyük qayıdış Cəbrayıldan başlayıb

Hərb tariximizə qızıl hərflərlə yazılan şanlı Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları oktyabrın 4-də Cəbrayıl şəhərinin erməni işğalından azad edilməsi ilə nəticələndi. Bu böyük qələbənin və Qarabağa böyük qayıdışın başlanğıcı idi.

Döyüşlərin ilk günündə cəbhəni yaran Azərbaycan Ordusu düşməni geri çəkilməyə məcbur etdi. Bir neçə gün ərzində Cəbrayıl rayonunun xeyli kəndi işğaldan azad olundu. Və biz cəbhədən gələn hər qələbə xəbərini nəfəs almadan dinləyir, düşmənin məhv olan texnika və canlı qüvvəsinin videogörüntüsünü gördükcə qisasın qiyamətə qalmadığını görürdük. Hər bir azərbaycanlı eyni hissləri keçirirdi - Xocalı, Kəlbəcər, Zəngilan və ümumilikdə öz yurdundan didərgin, şəhid düşənlər! Qanınız yerdə qalmır deyirdik! Cəbrayıl şəhərinin işğaldan azad edilməsini isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan etdi. Prezident müraciətində oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, Cəbrayıl rayonunun daha doqquz kəndinin - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabadın işğalına da son qoyulduğunu bildirdi.

Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon idi və nə xoşbəxt xalqıq ki, bu bütöv Qarabağın azad olunması ilə nəticələnən bir savaş oldu. Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edildi. Artıq 4 oktyabr Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşmüşdür.

Müharibədən sonra Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında “Cəbrayılın azad olunmasına görə” medalı təsis olundu. Prezident İlham Əliyevin sərəncamı ilə Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif ediliblər. Bu mənim üçün də bir qürur mənbəyidir, çünki bu təltif olunanlar içərisində mənim ailəmin də payı vardır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il oktyabrın 4-də azad Cəbrayıla səfər etmiş, bir sıra tədbirlərdə iştirak etmiş, Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb, Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoymuşdur. Görüşdə çıxış edən dövlət başçımızın müraciəti hər bir cəbrayıllının ürəyini fərəh hissi ilə doldurur: “Cəbrayıllılarla müzəffər Ordumuzun Qələbəsindən sonra ilk görüşümdür və bu görüşü məhz oktyabrın 4-də keçirmək xüsusi məna daşıyır. Çünki düz bir il əvvəl məhz oktyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl şəhərini işğalçılardan azad etdi və bu gün bu şanlı tarixi birlikdə qeyd etmək üçün mən cəbrayıllıları onların öz yurduna, vətəninə dəvət etdim. Ona görə “Cəbrayıla xoş gəlmisiniz” demək sözləri ilə öz çıxışıma başlayıram. Amma əminəm ki, bundan sonra mən Cəbrayıla gələndə həmişə cəbrayıllılar mənə “Xoş gəlmisiniz, cənab Prezident” deyəcəklər”.

Çıxışına davam edən dövlət başçımız Cəbrayılın azad olunmasının böyük əhəmiyyətini vurğuladı: “Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi. Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənası var idi. Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi. Bu Qələbədən sonra bizim şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir. Cəbrayıllılar yaxşı bilirlər ki, müharibənin ilk günündə Cəbrayılın iki kəndi işğalçılardan azad edilmişdir – Böyük Mərcanlı və Nüzgar kəndləri, Füzuli rayonunun 4 kəndi bizim birinci uğurumuz idi. Amma ondan sonra bir həftə ərzində şiddətli döyüşlər getdiyi zaman hər hansı bir yeni yaşayış məntəqəsini azad etmək mümkün olmamışdır. Yəni, müharibənin obyektiv gedişatı bunu diktə edirdi və oktyabrın 3-də Suqovuşan qəsəbəsi və Talış kəndi, eyni zamanda, Cəbrayıl rayonunun bir neçə kəndi işğalçılardan azad edildi. Bu, Ordumuza əlavə mənəvi güc verdi. Oktyabrın 4-də cəbrayıllıları və bütün Azərbaycan xalqını mən bu xoş müjdə ilə sevindirmişdim - Cəbrayıl şəhəri azad edilmişdir! Bir il bundan əvvəlki dövrə qayıtsaq Qələbəmizin əzəmətini bir daha görərik. Çünki müharibə getdiyi zaman, əlbəttə, bizim gündəlik fəaliyyətimiz qələbəni möhkəmləndirmək, işğal edilmiş bütün torpaqları azad etməkdən ibarət idi. Yəni, əldə edilmiş uğurları təhlil etmək üçün heç vaxt yox idi və buna heç gərək də yox idi. Amma bu gün müharibədən və Cəbrayılın azad olunmasından bir il keçməsindən sonra bunu daha dəqiq və aydın təhlil edərkən görürük ki, bu Qələbənin çox böyük əhəmiyyəti olmuşdur. Eyni zamanda, məhz burada, bu ərazidə düşmən bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Bizim əsgər və zabitlərimiz, sözün əsl mənasında, ölümə gedirdilər. Biz şəhidlərimizin canı-qanı bahasına öz doğma torpaqlarımıza qayıtmışıq. Fürsətdən istifadə edərək bir daha əziz şəhidlərimizin xatirəsini yad etmək istəyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.


Mehriban Aslanova
Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi və ekspertiza kafedrasının baş müəllimi, texnika üzrə fəlsəfə doktoru

FOTO / VİDEO
VİDEO