/ / Suqovuşanın azad olunması ilə əldə olunan üstünlüklər

Suqovuşanın azad olunması ilə əldə olunan üstünlüklər

28 Baxış

Suqovuşanın azad olunması ilə əldə olunan üstünlüklər

Tərtər rayonunun ərazi vahidlərindən biri olan Suqovuşan 44 günlük Vətən müharibəsindən sonra düşmən tapdağından azad edilmişdir. Suqovuşanın azad edilməsi müharibənin Azərbaycan Ordusunun xeyrinə davam etməsinə böyük təsir göstərdi. Çünki Suqovuşan müharibənin gedişində şimal istiqamətində irəliləmə və əraziyə nəzarət və düşmənin hərbi imkanlarının məhdudlaşdırılması baxımından olduqca əhəmiyyətli rol oynayırdı.

Suqovuşanın qeyd edilən böyük hərbi-strateji əhəmiyyəti ilə bərabər, eyni zamanda, mühüm iqtisadi önəmi də var. Suqovuşan azad olunduqdan sonra su anbarından suyun buraxılmasına nail olunub. Goranboy, Tərtər, Yevlax rayonlarına suyun verilməsi ekoloji tarazlığın təminatında mühüm irəliləyiş olub.

Suqovuşan su anbarının ümumi həcmi 5,86 milyon kubmetr, faydalı həcmi isə 5 milyon kubmetrdir.

Sərsəng və Suqovuşan su anbarları enerji təyinatlı anbarlardır. Sərsəng su anbarı 50 mqvt, Suqovuşan-1 su anbarı 4,8 mqvt və Suqovuşan-2 su anbarı isə 3 mqvt gücə malikdir. Həcmi ən böyük olan su anbarı isə Sərsəngdir. Bu, yalnız Qarabağda deyil, ümumiyyətlə, Ermənistan da daxil olmaqla ən böyük su anbarıdır.

Prezidentimiz İlham Əliyevin 2021-ci il oktyabrın 3-də Suqovuşanda səsləndirdiyi fikirlər bölgənin üstünlüyünü bir daha sübuta yetirir.

“Suqovuşan qəsəbəsinin əhəmiyyəti, eyni zamanda, ondadır ki, burada Suqovuşan su anbarı yerləşir. Su anbarının çox böyük strateji əhəmiyyəti var. Bu su anbarı Sərsəng su anbarı ilə bərabər ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilmişdir. Bu su anbarlarının əsas məqsədi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarının kənarında yerləşən rayonlara - Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlara su vermək idi”.

Dövlət başçışı çıxışında Suqovuşanın azad edilməsi ilə 30 min hektar torpağa su verilməsi və kanallarda bərpa işlərinin görülməsini vurğuladı. Bu böyük bir qələbənin nəticəsidir ki, bu il 30 il ərzində ilk dəfə olaraq Tərtər və digər rayonlara su verildi.

Vaxtilə sovet dövründə su anbarının yanında ulu öndər Heydər Əliyev tərəfindən iki su elektrik stansiyası inşa edilmişdi. Müharibə zamanı düşmən bu stansiyaları da dağıtmışdır. Erməni vandalları tərəfindən dağıdılan stansiyaların bərpası üzrə çalışmalar davam edir.İlk növbədə, “Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyalarının bərpası ilə bağlı işlər görülməyə başlanmışdır və artıq bu stansiyalar işlək vəziyyətdədir. Onlar yenidən quruldu. Ümumiyyətlə, regionu elektrik enerjisi və su ilə təmin etmək üçün Suqovuşan qəsəbəsinin xüsusi əhəmiyyəti var.

Müharibənin başa çatmasından bir il keçməmiş bir sıra infrastruktur layihələrinin icrası ilə bağlı çox ciddi addımlar atılaraq mühüm işlər görülüb. Bu, bir daha bizim gücümüzü və siyasətimizi göstərir.

Suqovuşan su anbarı artıq torpaqlarımızın suvarılmasında istifadə olunur. Hazırda bir sıra hidrotexniki qurğuların təmir və bərpa işləri davam etməkdədir. İşğaldan azad edilmiş bölgələrin güclü iqtisadi potensialı isə ölkəmizin yükşəlişinə böyük təkan verəcək.

Prof.A.M.Bayramov ADAU-nun İctimai elmlər və multikulturalizm kafedrasının müdiri

FOTO / VİDEO
VİDEO