/ / Cəbrayıl – qələbəyə gedən yolda ilk zəfər addımları

Cəbrayıl – qələbəyə gedən yolda ilk zəfər addımları

20 Baxış

Cəbrayıl – qələbəyə gedən yolda ilk zəfər addımları

Cəbrayılın azad olunması 44 günlük qısa bir müddətdə xalqımızın böyük qələbəsi ilə nəticələnən Vətən müharibəsində yaşadığımız ilk sevinclərdən birincisi idi. Vətən müharibəsi başlanan gün-2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etdi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi.

4 oktyabr 2020-ci il tarixinddə Ali Baş Komandan İlham Əliyevin dilindən Cəbrayıl tamamilə işğaldan azad olundu müjdəsini eşitdiyimiz anda hər birimizin ürəyi sevinc, gözləri yaşla doldu. O an 30 illik həsrətə son qoyulduğunu, artıq böyük qələbəyə yaxınlaşdığımızı bütün qəlbimizlə hiss etdik.

27 il ərzində Cəbrayl rayonuna işğalçı Ermənistan tərəfindən həm maddi,həm də ciddi şəkildə mənəvi zərər dəyib. Maddi zərər hesablamalara görə 13,928 milyard ABŞ dolları məbləğindədir. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar. 27 ildir bu insanlar öz ata-baba torpaqlarına həsrət, köçkün sözünün verdiyi mənəvi yüklə yaşamaq məcburiyyətində buraxılıblar.

Cəbrayıl rayonu Azərbaycan Respublikasının cənubunda Kiçik Qafqaz dağlarının qoynunda yerləşir. Cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Cəbrayıl rayonu ilə Bakı arasında olan məsafə 338 kilometrdir.

Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. Əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Cəbrayıl rayonunun ərazisi maddi və mədəni abidələrlə zəngindir. Bunlardan Dağtumas kəndi yaxınlığında yerləşən "Divlər Sarayı" mağarası, Qalacıq kəndindəki "Məscid Təpəsi", "Canqulu" və "Qumtəpə" kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki "Başıkəsik Gümbəz", Sirik kəndindəki "Qala", Diri dağındakı "Qız qalası", Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki "Sultan Məcid hamamı", Şıxlar kəndindəki "Dairəvi Türbə", Xubyarlı kəndindəki "Dairəvi" 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri nəsildən-nəsilə ötürülmüş canlı tarixdir. Rayonun ərazisində çoxlu yazılı abidələr var ki, bunlardan da Ağoğlandakı Orxan yazılı abidəsi xüsusilə qiymətlidir.

Cəbrayil rayonu 1993-cü il avqust ayının 23-də əzəli və əbədi düşmənlərimizin tapdağı altına keçmişdii. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazilərdə birlikdə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qaldı, vəhşicəsinə dağıdıldı. Qarabağ müharibəsində 362 nəfər şəhid olmuş, 191 nəfər əlil olmuşdu. 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

4 oktyabr 2020-ci il Cəbrayılın işğaldan tamamilə azad olunması Azərbaycan xalqı üçün böyük qələbənin müjdəsi və qələbəsi idi.

2020-ci il dekabrın 4-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 10 min 211 hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.


Professor Əhəd Nəbiyev - Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi və ekspertiza kafedrasının müdiri

FOTO / VİDEO
VİDEO