/ / Azərbaycan Ordusunun zərbə və hücumları Ermənistan tərəfi üçün əksər hallarda gözlənilməz olurdu - Ali Baş Komandan

Azərbaycan Ordusunun zərbə və hücumları Ermənistan tərəfi üçün əksər hallarda gözlənilməz olurdu - Ali Baş Komandan

37 Baxış

Azərbaycan Ordusunun zərbə və hücumları Ermənistan tərəfi üçün əksər hallarda gözlənilməz olurdu -

Azərbaycan hər zaman müharibəyə hazır idi. Dondurulmuş münaqişə vəziyyətində olsa da, müharibə şəraitindəki ölkədə həyatın bütün halları üçün döyüş əməliyyatlarının aparılması planı çoxdan işlənib hazırlanırdı. Lakin məsuliyyətli ölkə olmağımız, beynəlxalq hüquq və təşkilatlara olan inamımız bizi dayandırırdı.

Bununla belə Azərbaycan Ordusunun gücünü düzgün qiymətləndirmək və lazımi nəticələr çıxarmaq üçün Ermənistanın bir neçə fürsəti olmuşdur. 2016-cı ilin aprelində döyüş əməliyyatlarının gedişində Ordumuz imkanlarını çox məhdud şəkildə nümayiş etdirdi. O vaxt işğal altındakı ərazilərin bir hissəsi azad olundu, erməni tərəfin işğala son qoyması barədə mühüm qərar qəbul etməsinə imkan verildi. 2018-ci ilin mayında Naxçıvan Muxtar Respublikası ilə Ermənistanın sərhədində aparılan əməliyyatlar Azərbaycan Ordusunun nəyə qadir olduğunu növbəti dəfə nümayiş etdiri. Təəssüf ki, Ermənistan onlara verilən fürsətləri düzgün dəyərləndirə bilmədi.

Prezident İlham Əliyev hər zaman bildirir ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin. Belə də oldu. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə 2020-ci ilin 27 sentyabr tarixində başlayan əks-hücum əməliyyatı uğurla nəticələndi.

Vətən müharibəsinin davam etdiyi 44 gün müddətində qəbul olunan çevik qərarlar və peşəkar komandanlıq sayəsində Azərbaycan Ordusunun zərbə və hücumları Ermənistan tərəfi üçün əksər hallarda gözlənilməz olurdu.

Müharibənin ilk günlərində əldə olunan uğurlar Qələbənin yaxınlaşdırılması və Orduda yüksək döyüş ruhunun qorunmasında mühüm rol oynamışdır. Düşmənin təqribən 30 il ərzində möhkəmləndirdiyi birinci müdafiə xəttinin yarıldığı ilk gün önəmli mərhələlərdən biri idi. Bu, həm hərbi əməliyyatların aparılması, həm də silahlı qüvvələrin ruh yüksəkliyi baxımından çox mühüm rol oynadı.

Zəfəri təmin edən uğurlu hərbi əməliyyatlardan biri də Hadrut əməliyyatı idi. Ordumuzu orada gözləmirdilər, erməni tərəfi bizim bu yolla gedəcəyimizi güman etmirdi və bu, onlar üçün gözlənilməz oldu. Prezident İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsində Hadrutun önəmindən danışarkən bunları bildirib: “Biz Hadrut ətrafındakı bütün əsas yüksəklikləri götürəndən sonra əslində, bu şəhərin taleyi həll edilmişdi. Bizim oraya yenə də minimum itki ilə fiziki olaraq daxil olmağımız, sadəcə, vaxt tələb edirdi. Yalnız bizim hərbi qulluqçu Hadrut administrasiyasının binası üzərinə Azərbaycan bayrağını sancaraq Hadrutun götürülməsi barədə mənə raport verəndə Ermənistan tərəfin daha yalanlar uydurması üçün əsası qalmadı”.

Ali Baş Komandan öz müsahibəsində zəfəri təmin edən bir sıra uğurlu hərbi əməliyyatlardan da danışıb.“Hadrutdan qabaq – oktyabrın əvvəlində Cəbrayıl şəhəri azad edildi. Bu, rəmzi baxımdan da vacib idi, çünki bu, ilk şəhər idi. Bundan əvvəl biz kəndləri və qəsəbələri azad etmişdik. Oktyabrın 17-də Füzuli şəhərinin azad edilməsi də, əlbəttə, mühüm mərhələ idi. Çünki bu, Qarabağ regionunda əhalisinin sayına görə Ağdamdan sonra ikinci böyük şəhərdir. Soltanlı və Əmirvarlı yaşayış məntəqələrinin alınması da qeyd olunmalıdır.

Zəngilana gedən yolda yerləşən Soltanlının və Əmirvarlının azad edilməsi hadisələrin sonrakı gedişi baxımından çox böyük əhəmiyyət kəsb edirdi. Zəngilan şəhərinin alınmasına gəldikdə isə, onlar, əslində, oradan qaçırdılar, çünki müqavimət göstərməyə gücləri çatmırdı, üstəlik, hələ hərbi əməliyyatların ilk dövründə onlar səhvə yol vermişdi, onların əks-hücuma keçmək cəhdi hərbi baxımdan tamamilə axmaqlıq idi. Onlar müdafiə xəttini möhkəmlətmək əvəzinə qüvvələrini əks-hücuma yönəltdilər və tamamilə məhv edildilər.

Qubadlının azad edilməsini və Laçın rayonunun cənubuna çıxmağımızı da qeyd etmək lazımdır. Laçın rayonunun Güləbird və digər kəndlərinin azad edilməsi Laçın dəhlizinə nəzarət etməyimizə imkan verdi. Əslində, dəhliz artıq bizim nəzarətimiz altında idi. Əlbəttə, bizim qələbəmizin zirvəsi Şuşa əməliyyatıdır. İndi Zəfər yolu ilə Şuşaya gedən hər kəs bizim oraya haradan getdiyimizi görə bilər. Bu, sadəcə, inanılmaz fiziki və mənəvi qüvvələrin səfərbər edilməsi idi. Yolsuzluq şəraitində, yüngül silahlarla günlərlə yorulmadan bu qədər məsafə qət etmək və sonra Şuşanı azad etmək misli görünməmiş igidlik, qəhrəmanlıqdır. Əlbəttə, Şuşanın alınması düşmənin belini qırdı və bundan sonra düşmən praktiki olaraq təslim oldu” – deyə, İlham Əliyev bildirib.

Əslində Azərbaycan dəfələrlə elan etmişdir ki, Ermənistanın baş naziri işğal altında olan ərazilərdən çıxacağı tarixi deyən kimi müharibə dayanacaq. Dövlətimizin bu mövqeyi haqqında hər kəs, o cümlədən Rusiya, məlumatlı idi, amma Azərbaycanın bu təklifinə reaksiya yalnız Şuşa şəhəri azad edildikdən sonra gəldi.

Istənilən halda 2020-ci ilin 10 noyabr tarixində imzalanan üçtərəfli Bəyatan Ermənistanın kapitulyasi aktı olaraq qiymətləndirilir.

Bəli, əvvəldən də deyildiyi kimi, Azərbaycan öz torpaqlarının işğalı ilə heç vaxt barışmadı. 2020-ci ilin 27 sentyabrında 44 günlük bir yola çıxdı. 30 ilə yaxındır duasını etdiyi, gözünü, könlünü dikdiyi bir yola və bu yol bizi Qarabağa apardı!

FOTO / VİDEO
VİDEO