/ / İqtisadi potensialı və beynəlxalq nüfuzu artan Azərbaycanın qlobal təşəbbüsləri

İqtisadi potensialı və beynəlxalq nüfuzu artan Azərbaycanın qlobal təşəbbüsləri

57 Baxış

İqtisadi potensialı və beynəlxalq nüfuzu artan Azərbaycanın qlobal təşəbbüsləri

İnkişafın milli modelini yaratmış Azərbaycan, eyni zamanda, koronavirus pandemiyasına qarşı effektiv mübarizə nümunəsi ortaya qoyub. Sirr deyil ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi respublikamızda epidemioloji vəziyyətin nəzarətdə saxlanılmasına imkan verib. Xüsusilə də, respublikamızın öz təşəbbüsləri və əməli addımları ilə hazırkı şəraitdə dövlətlər və xalqlar arasında təmasların sıxlaşmasına, qlobal pandemiya ilə mübarizədə beynəlxalq səylərin səfərbər olunmasına mühüm töhfələr verməsi yüksək qiymətləndirilir. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında videoformatda çıxışı zamanı diqqətə çatdırıb ki, Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini təbliğ etmişdir.

Xatırladaq ki, dövlətimizin başçısının Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda təşəbbüsü ilə bu təşkilatın dövlət və hökumət başçıları səviyyəsində aprel ayında fövqəladə Zirvə görüşü keçirilib. Türk Şurası COVID-19-a qarşı mübarizə mövzusunda Zirvə görüşü keçirən ilk beynəlxalq təşkilat olub. Bundan əlavə, Azərbaycan dövlətinin Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü qlobal təşəbbüslər də pandemiya ilə mübarizə çərçivəsində beynəlxalq əməkdaşlığın və həmrəyliyin təmin edilməsinə mühüm töhfə olub. Qoşulmama Hərəkatının ötən ilin may ayında təşkil edilmiş Zirvə toplantısı və 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası bu baxımdan böyük əhəmiyyətə malikdir. Paralel olaraq respublikamızın Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etməsi, koronavirusla əlaqədar 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərilməsi bu qlobal bəlaya qarşı birgə səylərin səfərbər olunması üçün xüsusi önəm daşıyır.Ən mühüm məsələlərdən biri budur ki, Azərbaycan bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və onların inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini yolverilməz hesab etdiyini açıq şəkildə bildirib. Ölkəmiz tərəfindən Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı irəli sürülmüş qətnamənin yekdilliklə qəbul olunması da Azərbaycanın qətiyyətli mövqeyinin obyektivliyini və dəstəkləndiyini göstərir.Beləliklə, pandemiya ilə mübarizə məsələsində Azərbaycanın təcrübəsi dünya miqyasında müsbət nümunə kimi dəyərləndirilir, örnək göstərilir. Koronavirus pandemiyasının müşahidə edildiyi ilk zamanlardan etibarən Prezident İlham Əliyev tərəfindən irəli sürülən təşəbbüslərin beynəlxalq səviyyədə böyük maraqla və rəğbətlə qarşılanması isə Azərbaycana olan inam və etimadın daha bir bariz nümunəsidir.

Bu gün dünyanın ikili standartlarla idarə olunduğu bir zamanda, çoxmədənyyətliliyi, mutikulturallığı təbliğ edərək özlərini mələk simasında dünya ölkələrinə göstərən dövlətlərə tutarlı bir cavab ondan ibarətdir ki, Azərbaycan xalqı öz kökünə, tarixinə, dilinə və ənənələrinə olduqca bağlı bir xalqdır. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə cari il “Nizami Gəncəvi İli” elan edilmişdir. XII əsrdə Nizami Gəncəvinin öz əsərlərində təbliğ etdiyi sülh, ədalət, humanizm, azadlıq və bərabərlik kimi ideal və dəyərlər BMT-nin təşviq və müdafiə etdiyi prinsiplərlə üst-üstə düşür. Azərbaycanda multikulturalizm ənənələri bir həyat tərzi olaraq qorunur və dəstəklənir. Azərbaycan dünyada tolerantlığın, müxtəlif dini və etnik qrupların nümayəndələrinin dinc birgəyaşayışının nümunəsi sayılır. 2008-ci ildə Azərbaycanın təşəbbüsü ilə başlanılmış və müsəlman dünyası ilə Avropa arasında dialoq və əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyan “Bakı Prosesi” BMT tərəfindən güclü şəkildə dəstəklənir. BMT Baş Assambleyasının qətnamələrində Azərbaycanda müntəzəm olaraq təşkil olunan Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumu “mədəniyyətlərarası dialoqun təşviqi üçün mühüm qlobal platforma” olaraq tanınır.

Otuz ilə yaxın işğal altında olan torpaqlarımızda hər cür vandalığa əl atan, öz çirkin əməllərindən çəkinməyən Ermənistan Vətən müharibəsi dövründə belə müharibə qanunlarına məhəl qomadılar. Belə ki, 44 gün ərzində Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdə yerləşən rayonlarımızı və şəhərlərimizi – Ağdam, Ağcabədi, Beyləqan, Daşkəsən, Füzuli, Goranboy, Tərtəri intensiv şəkildə atəşə tuturdu. Ermənistan, həmçinin cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən, Xızı və digər şəhərləri də atəşə tuturdu. Raketlərdən biri Azərbaycanın hava hücumundan müdafiə qoşunları tərəfindən Bakının yaxınlığında yerləşən Xızı üzərində zərərsizləşdirilmişdir. Bu isə onu göstərir ki, paytaxt Bakı da Ermənistanın raket hücumlarının hədəfi idi. Ermənistan “Skad” və “İsgəndər-M” tipli ballistik raketlərdən, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli sursatlardan istifadə edirdi. Ermənistanın bu hərbi cinayətləri nəticəsində 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilib, 450 nəfərdən çox insan yaralanıb. Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən fərdi evlər dağıdılıb və ya onlara ciddi zərər dəyib.

Təqribən 30 illik işğal ərzində Ermənistan qəsdən bütün şəhər və kəndləri dağıtmış, bütün mədəni və dini abidələri viran qoyaraq, talayaraq, onları əsl urbisid - şəhərlərə qarşı genosid və kultursid - mədəniyyətə qarşı genosid nümunələrinə çevirmişdir. Yəqin ki, İkinci Dünya müharibəsindən bəri şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Ermənistan bu ərazilərdə əsrlər boyu yaşayan Azərbaycan xalqının izini silməyə çalışıb. Ağdam o dərəcədə dağıntıya məruz qalıb ki, onu “Qafqazın Hirosiması” adlandırırlar. Füzuli şəhərinin işğaldan azad olunmasından sonra ordumuz orada bir dənə də salamat bina tapa bilmirdi ki, onun üzərində bayrağımızı dalğalandırsın. Ermənistanın işğalı altında olmuş ərazilərdə 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb və təhqir edilib, onlardan donuz və inək tövləsi kimi istifadə edilib. Bu isə bütün dünya müsəlmanlarına qarşı hörmətsizlikdir. Hətta qəbiristanlıqlar belə təhqir olunub, dağıdılıb və talanıb.

Ermənistan Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində ətraf mühitə qarşı genosid törədib. Meşələrimizin 60 min hektarı məhv edilib, kəsilib və oğurlanıb, torpaqlarımız və çaylarımız çirkləndirilib və zəhərlənib. Ermənistan keçmiş işğal olunmuş ərazilərdə bizim su ehtiyatlarımızdan süni ekoloji fəlakət yaratmaq üçün istifadə edib. 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası “Azərbaycanın cəbhəboyu rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı qətnamə qəbul edərək, Ermənistan hökumətindən su ehtiyatlarından siyasi təsir və ya təzyiq aləti kimi istifadəsinə son qoyulmasını tələb etmişdir. Ermənistan həmin qətnaməyə qətiyyən məhəl qoymadı və Sərsəng su anbarını humanitar və ekoloji terrorizm aləti kimi istifadə etməyə davam etdi. Ermənistan qəsdən qış aylarında su anbarını açaraq ətraf ərazilərdə daşqın törədir, yay aylarında isə suyu kəsərək keçmiş cəbhəyanı bölgədə yaşayan insanları və təsərrüfatları sudan məhrum edirdi. Ermənistan transsərhəd Oxçuçay çayını kəskin şəkildə çirkləndirir. Bu isə çayın Azərbaycan ərazisi boyu keçdiyi ərazinin ekoloji sistemini bərpa olunmaz deqradasiyaya məruz qoyur. Təəssüflər olsun ki, bəzi xarici şirkətlər də bu ekoloji cinayətdə iştirak edir.

Azərbaycan xalqının səbr kəsasını daşırdan ermənilər 44 günlük müharibə dövründə öz laiqli cavabarını aldılar. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü döyüşərək təmin etdi və bu, yəqin ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır. Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılıb.

Bu gün işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri həyata keçirilməkdədir. Azərbaycan müasir şəhərsalma üsulları, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq edərək, sıfırdan yeni şəhərlər və kəndlər inşa edir. Azərbaycan bütün bu işləri öz maddi imkanları hesabına görür və təkcə bu il bu məqsədlə 1,3 milyard ABŞ dolları məbləğində vəsait ayrılıb.

Münaqişə başa çatdığından Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu artıq bəyan edib. Belə bir saziş regionumuzu sülh və əməkdaşlıq regionuna çevirə bilər. Lakin, Ermənistandan müsbət reaksiya yoxdur. Sülh və əməkdaşlığa xidmət edən sahələrdən biri nəqliyyat layihələri ola bilər. Bu kontekstdə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaqdır.


ADAU-nun İctimai elmlər və Multikulturalizm Kafedrasının müdiri, prof. A.M.Bayramov

FOTO / VİDEO
VİDEO