/ / Ermənistan tərəfindən yenidən təxribat baş versə, anti-terror əməliyyatları qaçılmaz olacaq - Naqif Həmzəyev

Ermənistan tərəfindən yenidən təxribat baş versə, anti-terror əməliyyatları qaçılmaz olacaq - Naqif Həmzəyev

20 Baxış

Ermənistan tərəfindən yenidən təxribat baş versə, anti-terror əməliyyatları qaçılmaz olacaq -


“Azərbaycan uzun illərdir ordusunun güclənməsi, regionun aparıcı ordularından birinə çevrilməsi və müasir dövrün tələblərinə cavab verməsi üçün vacib addımlar atıb, ən müasir texnika və silahların əldə edilməsi üçün bir çox ölkələrlə əməkdaşlıq qurub. Nə qədər müasir standartlara cavab verən silah və texnikalar əldə olunsa da, savadlı, bilikli zabit və əsgərlər olmayacağı halda bu silah-sursatlarla hansısa uğurun əldə edilməsi şübhə altında olur. Bu baxımdan Azərbaycan Birinci Qarabağ müharibəsindən sonrakı dövrdə ordu quruculuğu, nizami ordunun formalaşması üçün mütəmadi olaraq təlimlər keçirib”.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

O, Azərbaycanın keçirdiyi təlimlərin regionun təhlükəsizliyi üçün vacib amillərdən olduğunu vurğulayıb:

“Bu istiqamətdə Azərbaycan təkcə ordu daxilində keçirilən təlimlərlə kifayətlənməyib, qardaş, dost Türkiyə ilə birlikdə dəfələrlə təlimlər təşkil edib. Həmçinin Azərbaycan Ordusu bir çox beynəlxalq yarışlarda iştirak edib, Azərbaycan hərbçiləri bu yarışlarda qabaqcıl yerləri tutub və Vətən müharibəsinədək olan statistikaya əsasən bu göstəricidə dünyanın ilk 50 ölkəsi sırasında olub. 44 günlük Vətən müharibəsində Azərbaycan torpaqlarını azad etdi və ərazi bütövlüyümüzü bərpa olundu. Bu müharibəd döyüş cinahlarımızın ağır, sərt relyefdə yerləşməyinə baxmayaraq, Azərbaycan Ordusunun hərbi qulluqçuları sürətli döyüş apardı, ən müasir silahlardan istifadə edərək düşmənin texnikalarını sıradan çıxardı. Bu qələbədən sonra Azərbaycan gücünü daha da artırmaq və regionda diqtə edən tərəf olaraq qala bilmək üçün ordunun silah-sursat bazasını müasirləşdirmək, mümkün problemləri aradan qaldıra bilmək üçün lazımlı silahların alınaraq ordu sıralarına daxil edilməsinə nail olmaq, həmçinin müasir ordunu formalaşdırmaq məqsədilə Türkiyənin ordu modelindən istifadə etmək qərarına gəldi. Müharibə zamanı bizə böyük mənəvi dəstək göstərən Pakistan rəsmi şəkildə bu dəstəyi ifadə etdi. Buna görə də, Azərbaycanın Türkiyə və Pakistan xüsusi təyinatlıları ilə birlikdə təlimlər keçirməsi normal qarşılanmalıdır”.

Deputat vurğulayıb ki, Ermənistan tərəfi sülh müqaviləsi imzalamayanadək revanşist fikirlərin və addımların şahidi ola bilərik:

“Digər tərəfdən, Azərbaycan torpaqlarını işğaldan azad etsə də, hələ də ərazimizdə etnik etmənilər yaşamaqdadır. Dəfələrlə vurğulanıb ki, onlar yolunu azmış Azərbaycan vətəndaşlarıdır. Bundan başqa, hələ də Ermənistanda revanşist fikirlərlə yaşayan qüvvələr qaldığı üçün hər zaman daha diqqətli olmalı, hər bir situasiyaya hazır olmalıyıq. Ermənistan tərəfindən yenidən təxribat baş versə, anti-terror əməliyyatları qaçılmaz olacaq. Buna görə də, daim döyüş hazırlığımız ən yüksək səviyyədə olmalıdır. Regionda sülh və sabitliyin təminatında Azərbaycanın böyük rolu var. Bu sülhü daimi etmək üçün Azərbaycan hər zaman güclənməli və daha böyük hədəflərə doğru irəliləməlidir”.

FOTO / VİDEO
VİDEO