/ / Postmüharibə dövrü: qayıdış üçün bizə zaman lazımdır

Postmüharibə dövrü: qayıdış üçün bizə zaman lazımdır

46 Baxış

Postmüharibə dövrü: qayıdış üçün bizə zaman lazımdır

Azərbaycan xalqı hər zaman mübariz bir xalq olduğunu tarix boyu baş vermiş müharibələrdə göstərmişdir. Həm Birinci Qarabağ müharibəsində, həm də İkinci Vətən müharibəsində əsgərlərin cəsurluğu, igidliyi bir daha bu xalqın basılmaz olduğunu sübut etdi.

44 günlük müharibə bizə çox məqamları öyrətdi. Xalq birliyi, xalq həmrəyliyi, xalqın inamı qələbə qazanmağa vəsilə oldu. Müharibə dövründə hər kəsin gücü nəyə çatdısa onunla hərbçilərə kömək etməyə çalışdı. Bu işdə ziyalı da, kəndli də, sahibkar da, hərbçi də, təqaüdçü də səfərbər olaraq qələbəyə doğru aparan yola öz töhfəsini vermiş oldu. Sonda xalqın Ali Baş komandan ətrafında birləşməsi, müharibənin hüquqi müstəvidə baş verməsi, Azərbaycan Ordusunun böyük qəhrəmanlıq və peşəkarlıq göstərməsi mənfur düşmən üzərində qələbə çalmağa şərait yaratdı.

Müharibə bitəndən sonra azad olunmuş torpaqlarda insanların məskunlaşması, yerli infrastrukturun bərpası, sosial və iqtisadi islahatların aparılması ilə bağlı layihələr işlənib hazırlanmağa başlandı. 30 il ərzində məhv olmuş ərazilərdə yeni həyatın bərpası, əlbəttə ki, zaman tələb edir. Ancaq qeyd etmək lazımdır ki, bu qayıdış daha möhtəşəm olacaqdır. İşğaldan azad olunmuş ərazilərə yeni nəfəsin gəlməsi ilə bu ərazilərimiz dünyanın ən gözəl guşələrindən birinə çevriləcəkdir. Həmin ərazilərdə infrastruktur layihələri fasiləsiz icra olunur.

Dövlət başçısının təməlqoyma mərasimlərində iştirakı böyük əhəmiyyətə malikdir. Belə ki, Fizulidə, Laçında Hava Limanlarının açılması bu ərazilərə çox sayda turist cəlb edəcək. Xarici dövlətlərdən gələn insanlar bu dilbər güşələrin gözəllikləri ilə həm tanış ola biləcək, həm də ölkəmizə valyuta axınını sürətləndirəcək.

İşgaldan azad olunmuş Kəlbəcərdə mövcud olan Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keşdək və s. mineral bulaqlar burada müalicə, sağlamlıq və rekreasiya turizminin inkişafına köməklik göstərəcək. İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir və insanların həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək üçün istifadə olunur. İstisu bulağı üstündə yeni iri kurort və mineral sudoldurma zavodu tikilərək istifadəyə verilməsi həm yeni iş yerlərinin açılmasını, həm də ölkə büdcəsinin zənginləşməsini təmin edəcəkdir.

Kəlbəcər rayonu faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Xocavənd rayonunun Tuğ kəndində gözəlliyi ilə insanların ruhunu oxşayan meşə massivləri, təmiz bulaqları, flora və fauna müxtəlifliyi ekoloji, kənd və ailə turizminin inkişafı üçün geniş imkanlar açacaq.

Adı dillər əzbəri olan Laçının da torpaq-iqlim şəraiti, havası, bulaqları, xalq sənəti nümunələri, təbii xammal ehtiyatları buranın müasir bir turizm məkanına çevrilməsinə imkan yaratmış olacaq. Laçın ərazisində toxuculuq sənəti inkişaf etmişdi. Burada yundan toxunan at çulu, palaz, kilim, xalça, zili, xurcun, fərməş xüsusi gözəlliyilə seçilib. Təsadüfi deyil ki, dünyada "Qasımuşağı" adı ilə tanınan xalçanın yaranması məhz bu bölgənin adıyla bağlıdır. Postmüharibə dövründə burada da hər bir sahədə olduğu kimi aparılan sosial-iqtisadi islahatlar, xalçaçılıq sənətinin bərpa edilməsi, maarifləndirici, dərketmə, dağ, speleoturizm və digər turizm növlərinin inkişaf etdirilməsi ölkəmizin dünyada daha da tanınmasına, daha böyük marağa səbəb olmasına zəmin yaradacaq.

Ümumilikdə, işgaldan azad olunmuş torpaqların bərpası və canlanması, oraya yeni nəfəsin verilməsi üçün vaxt tələb olunur. Biz ümid edirik ki, qısa zaman kəsiyində bu torpaqlara yaşamağa qayıdacağıq, bu torpaqları diriltməyə çalışacağıq və təkcə düşmənlərimiz yox, onların havadarları da Azərbaycan dövlətinin, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Xalqının necə güclü və məğlubedilməz olduğunu görəcəklər.

Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!

Afət Qasımova - UTECA-nın “Qida mühəndisliyi və ekspertiza” kafedrasınının dos.əv.

FOTO / VİDEO
VİDEO