/ / Azərbacan – Türkiyə münasibətləri dünya ölkələrinə bir nümunədir

Azərbacan – Türkiyə münasibətləri dünya ölkələrinə bir nümunədir

53 Baxış

Azərbacan – Türkiyə münasibətləri dünya ölkələrinə bir nümunədir

Azərbaycan və Türkiyə arasında əlaqələrin bugünkü inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyə münasibətlərinin inkişafından keçir. Prezident İlham Əliyevin sözləri ilə desək:-Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk".

Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinin qədim tarixi vardır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən çətin dövrlərində bir-birinə qardaş dəstəyini nümayiş etdirmişlər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun çəkən müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi olmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”.

Təsadüfi deyil ki, Türkiyə dövlətinin tarixi şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri olduğunu bildirmişdir. Ulu öndər Heydər Əliyev öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq bir mesaj qoymuşdur: “Bir millət iki dövlət, Azərbaycan-Türkiyə”.

Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda Cənab Prezidentimiz İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir.

Qürur hissi ilə xatırlatmaq istərdim ki, 30 illik münaqişə dövründə göstərdiyi siyasi dəstəyi Vətən müharibəsi dövründə pik həddə çatdıran qardaş Türkiyə Qələbəmizin əldə edilməsində, ümumilikdə, münaqişə dövrü zamanı diplomatik və siyasi müstəvidə üstünlük əldə etməyimizdə mühüm rol oynadı. Türkiyə Cümhuriyyətinin başçısı Rəcəb Tayyib Ərdoğanın beynəlxalq ictimaiyyətə ünvanlanmış sərt ifadələri və hər zaman Azərbaycanın yanında olacağı ilə bağlı qətiyyəli fikirləri Azərbaycana beynəlxalq müstəvidə göstərilən əvəzolunmaz mənəvi dəstək idi.

Siyasi müstəvidə ölkələrimiz arasında formalaşan münasibətlər qələbədən sonrakı dövrdə də regionda sülhün qorunması, təhlükəsizliyin təmin olunması istiqamətində uğurla davam etdirilməkdədir.

14 avqust 2021 tarixidə “CNN Türk” televiziya kanalına müsahibəsi zamanı Prezident İlham Əliyev qardaş Türkiyənin Azərbaycana hərtərəfli dəstək olduğunu bir daha vurğulayaraq qeyd etmişdir: “Türkiyə amili olmasaydı, ermənipərəst qüvvələr, ölkələr, ermənilərin hamiləri burunlarını soxacaqdılar və bizə böyük problemlər yaradacaqdılar. Bizim həmrəyliyimiz və bir-birimizə etdiyimiz yardımlar təbiidir. Şuşa Bəyannaməsi qardaşlıq münasibətlərin zirvəsidir” deyə Prezident İlham Əliyev Türkiyə-Azərbaycan qardaşlığının təntənəsinə də diqqəti cəlb etdi: “Son 18 il ərzində həm Türkiyə, həm Azərbaycan tərəfindən vahid siyasət formalaşdırılıb. Ondan daha əvvəl Ulu Öndər Heydər Əliyevin məşhur kəlamı var: “Bir millət, iki dövlət”. Bunu indi bilməyən yoxdur. Bu sözlər bizim üçün işıqlı bir yoldur. Bu vəsiyyətə, bu sözlərə sadiq olaraq biz hər istiqamət üzrə əlaqələrimizi gücləndirdik, yüksək səviyyəyə qaldırdıq. Yeni nəsil, gənc nəsil gərək bizim yolumuzu davam etsin. Çünki biz bu təməli qoyduq, yoluna oturtduq, çox güclü müttəfiqlik yaratdıq, sarsılmaz birlik yaratdıq.”- deyə Prezident İlham Əliyev qeyd etmişdir.

Müharibədən sonrakı dövr regionda əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün imkanlar yaradır.Müsahibə zamanı yeni nəqliyyat qovşağının açılması məsələsinə toxunan Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılmasının bir çox məqsədlərə, hədəflərə xidmət edəcəyini xüsusi qeyd etmişdir. Zəngəzur dəhlizinin yeni imkanlar açacğını qeyd edən Prezident İlham Əliyev bu dəhliz vasitəsiə qardaş Türkiyənin öz mallarını Orta Asiyaya daha qısa yolla, alternativ yolla daşıya biləcəyini vurğuladı. Avropa İttifaqının da bu məsələyə çox müsbət yanaşdığını nəzərə alsaq deyə bilərik ki, Zəngəzur dəhlizi bütövlükdə Avrasiyanın yeni bir nəqliyyat layihəsinə çevrilməklə həm Türkiyə, həm Azərbaycan, həm bölgə üçün və o cümlədən Ermənistan üçün də yeni fürsətlər deməkdir.

Müsahibə zamanı Cənab Prezident qeyd etmişdir ki, bu gün dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur. Bu birlik, həmrəylik, qardaşlıq sözdə deyil, əməldədir. Ölkələr arasındakı münasibətlərin dildə deyil əməldə olmalı olduğunun vaciblyini qeyd edən Prezident İlham Əliyev Türkiyənin İkinci Qarabağ savaşında bizim yanımızda durduğunu, bizə hərtərəfli dəstək olduğunu xüsusi qeyd etdi. Türkiyə amili olmasaydı, ermənipərəst qüvvələr, ölkələr, ermənilərin hamilərinin bizə böyük problemlər yaradacaqlarını vurğulayan Cənab Pezident Türkiyə - Azərbaycan həmrəyliyinin təbii hall oduğunu qeyd etmişdir. Şuşa Bəyannaməsinin bu qardaşlıq münasibətlərinin zirvəsi olduğunu hesab edən Cənab Prezident bunları qeyd etmişdir: “Türkyədə yanğınlardan xəbər tutan kimi biz dərhal hərəkətə keçdik, heyətlər göndərdik, maşınlar göndərdik. Hörmətli Cümhurbaşkanı ilə bir neçə dəfə telefonla danışdım və qısa zaman içərisində biz həm əlavə heyət, həm də maşınlar göndərdik. Bizim cəmi bir amfibiya təyyarəmiz var, təəssüf ki, o da təmirdə idi. Təlimat verdim ki, təmir çox sürətlə yekunlaşsın ki, biz onu göndərə bilək. Təmir plan üzrə hələ iki ay davam etməli idi. Amma biz onu bir həftəyə saz vəziyyətə gətirdik və oraya göndərdik. Türkiyəyə 93 yanğınsöndürən maşın, 700-dən çox yanğınsöndürən yola saldıq. Onlara hər hansı bir xüsusi təlimat vermək lazım deyildi. Çünki onlar özləri bu faciəni öz faciəsi kimi qəbul etdilər və qardaş kimi orada çalışdılar”.

Bir sözlə, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir, əməkdaşlığın yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir.

ADAU -nun İctimai elmlər və Multikulturalizm kafedrasının müdiri, prof. A.M.Bayramov

FOTO / VİDEO
VİDEO