/ / Ənənələri qoruyan Azərbaycan mətbuatı

Ənənələri qoruyan Azərbaycan mətbuatı

81 Baxış

Ənənələri qoruyan Azərbaycan mətbuatı

“Əsası “Əkinçi” ilə qoyulan, maarifçilik, müasirlik və müstəqillik ideyalarının daşıyıcısı olan Azərbaycan mətbuatı hər zaman ölkəmizin həyatında mühüm rol oynayıb”.

Prezident İlham Əliyev


Azərbaycan dilində milli mətbuatın təməlini qoyan, 1875-ci ilin iyulundan 1877-ci ilin sentyabrınadək cəmi 56 nömrəsi çıxmış "Əkinçi"qəzeti millətin aynası, Azərbaycanın dünyada eşidilən səsi, xalq jurnalistikasının bayraqdarı mədəniyyətimizdə iz qoyub.

Azərbaycanın maarifçi ziyalılarından olan Həsən Bəy Zərdabi "Əkinçi" qəzetinin ilk nömrəsini iyulun 22-də Azərbaycan oxucusuna təqdim edib.Qəzetin nəşrə başladığı elə həmin gün-22 iyul hər il ölkəmizdə Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.

Milli mətbuatının yeni inkişaf mərhələsi Azərbaycan dövlətçiliyi və demokratik dövlət quruculuğu dövrünün təməlini qoyan ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər müstəqillik dövründə hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Xatırladaq ki, Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli sərəncamı ilə Azərbaycanda senzura ləğv olundu. Beləliklə də Azərbaycanda azad mətbuatın tam formalaşması prosesi başladı.

Bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə davam edən inkişaf xətti bütün sahələrdə olduğu kimi, mətbuatda da öz əksini tapır. Mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə atılan mühüm addımlar: mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi, Mətbuat Şurası üçün yeni, müasir avadanlıqlarla təmin edilmiş binanın ayrılması, jurnalistlər üçün yaşayış binasının istifadəyə verilməsi ölkədə söz və mətbuat azadlığına dövlət qayğısının bariz nümunəsidir.

Bu gün internet jurnalistikası Azərbaycanda sürətlə inkişaf etməkdədir. Bu da söz azadlığına, iqtisadi, sosial və ictimai hadisələrin gedişinə mütərəqqi təsir göstərir. Şübhəsiz ki, demokratik cəmiyyətin formalaşmasında jurnalistikanın böyük rolu vardır. Azərbaycan jurnalistləri də öz növbəsində ali duyğularla Vətəninə, millətinə bağlı olmalı, dövlətçilik prinsiplərinə sadiq, vicdanla fəaliyyət göstərməlidirlər.

Xatirlatmaq yerinə düşərdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin 44 -günlük Vətən müharibəsi ərzində xarici media nümayəndələrinə verdiyi müsahibələrdə spekulyasiya xarakterli aqresiv, qərəzli suallara səbir və təmkinlə verdiyi cavablar, dünyanın diqqət mərkəzinə regiondakı reallıqları çatdıraraq Ermənistana və beynəlxalq aktorlara ünvanladığı mühim ismarıclar ölkə rəhbərinin qeyri-adi qabiliyyətindən, fitri istedadindan, siyasi və diplomatik baxış bucağının nə qədər geniş olmasından xəbər verir.

Birinci və İkinci Qarabağ müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, heç şübhəsiz, mətbuat işçilərinin və jurnalistlərin fəaliyyəti də əvəzolunmazdır. Təəssüf ki, peşə vəzifələrinin icrası zamanı həlak olmuş jurnalistlərimiz də oldu. Allahdan onlara rəhmət diləyirik. Çox istərdim ki, yazarlarımız Şuşanın geri alınmasını ən yüksək, ülvi duyğularla qələmə alsınlar. Bu Zəfər döyüşü Çanaqqala döyüşü kimi Azərbaycanın möhtəşəm qələbəsi olaraq əfsanələşməli, bir millətin, ordunun, Komandanın gücünü ortaya çıxaran, dünya hərb məktəbinə nümunə olacaq döyüş təcrübəsi kimi xatırlanmalıdır. Hesab edirəm ki, bu şərəfli işdə media və jurnalistlər əlindən gələni edəcəklər.

Gəncə Tibb Kolleci: HFBKS Hüseynova Şəfiqə

FOTO / VİDEO
VİDEO