/ / Azərbaycan öz humanitar missiyasını məsuliyyətlə icra edir

Azərbaycan öz humanitar missiyasını məsuliyyətlə icra edir

159 Baxış

Azərbaycan öz humanitar missiyasını məsuliyyətlə icra edir

Bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatı (QH) hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilmişdir. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan QH konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirmir və Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. QH-nin yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Qoşulmama Hərəkatının hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.Təşkilata üzv olan hər bir dövlət təşkilatın prinsiplərinə bağlılığını bildirməlidir. Təşkilata üzvlük prinsipləri hələ Təşkilatın təsis olunmasından əvvəl 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Konfrans zamanı qəbul edilmişdir. Təşkilatın daimi orqanı və mənzil qərargahı yoxdur. QH BMT Mənzil qərargahında yerləşən Əlaqələndirici Büro vasitəsilə təşkilatın Sədri və üzv dövlətlərin nümayəndəlikləri tərəfindən idarə olunur. Büro QH-nin daimi əsasda fəaliyyət göstərən və təşkilat daxili əlaqələndirmə işlərini tənzimləyən əsas orqanıdır. Büro vasitəsilə QH öz üzvlərinin BMT orqanlarında vahid mövqedən çıxış etməsini əlaqələndirir. Büroya rəhbərliyi təşkilatın sədri olan dövlətin BMT yanında daimi nümayəndəsi həyata keçirir. Hərəkata sədrlik müxtəlif regional qruplardan olan dövlətlər arasında üç ildən bir rotasiya edir. Müvafiq regional qrupdan namizədliyi təqdim etmiş dövlət təşkilatın Sammiti vaxtı bütün üzv dövlətlərin razılığı ilə Sədr seçilir. Sədr dövlət üç illik sədrlik müddətinin əvvəlində zirvə görüşünə və sədrliyinin axırıncı ilində nazirlər iclasına ev sahibliyi edir. Bundan əlavə, sədr dövlət BMT yanında daimi nümayəndəliyi vasitəsi ilə Hərəkatın Bürosuna rəhbərliyi və sədrliklə bağlı digər vəzifələri icra edir. Praktikaya əsasən, sədrlik funksiyasını qəbul etmiş dövlət sədrlik müddətində öz Xarici İşlər Nazirliyində bütövlükdə bir struktur bölməsini QH-nin işlərinə həsr etməli və QH-nin ideya və prinsiplərinin tərənnüm olunmasına çalışmalıdır. Təşkilatın üzv olmaq istəyən dövlətin Dövlət və ya Hökumət başçısı və ya xarici işlər naziri Qoşulmama Hərəkatının Sədrinə yazılı şəkildə müraciət edir və müraciət əsasında məsələ Hərəkatın Sammiti və ya Nazirlər Görüşünə çıxarılır. Üzvlüklə bağlı qərar konsensus yolu ilə qəbul edilir. Təşkilata yeni üzvün qəbulu zamanı heç bir üzv dövlət əleyhinə olmamalıdır.

Öz xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq istiqamətini seçmiş Azərbaycan Respublikası 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür.Azərbaycan bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçirir. Bu səbəbdən ölkəmiz müşahidəçi statusuna malik olduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olmaq qərarını verib. Həmin il Balidə keçirilmiş XVI Nazirlər Konfransında hərəkata qoşulub. Ölkəmizin ərazi bütövlüyü təşkilat çərçivəsində üzv-dövlətlər tərəfindən birmənalı şəkildə tanınıb və haqlı mövqeyimiz beynəlxalq səviyyəli məsələlərdə daim dəstəklənib.Azərbaycan Qoşulmama Hərəkatının müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla bu qurumun məqsəd və prinsiplərinə öz töhfəsini verir. Hərəkata üzv olduğumuz qısa müddət ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artmış və təşkilatın daxili prosedur və sənədlərində Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunmuşdur.

2018-ci ilin 5 aprel tarixində Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransı keçirilmişdir. 2019-cu ilin oktyabrın 25-də ölkəmizdə Qoşulmama Hərəkatı üzvlərinin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirilib. XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar. Növbəti üç ildə isə Azərbaycan 120 ölkəni birləşdirən bu mötəbər quruma sədrlik edəcək.

Cari ildə yaradlmasının 60 illiyi qeyd olunan Qoşulmama Hərəkatının təməlində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayandığından, mürəkkəb qlobal çətinliklər Hərəkatın aktuallıq və əhəmiyyətini daha da artırıb.Yuxarıda da qeyd etdiyimiz kimi 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik Azərbaycana həvalə edilib. Sədrliyi dövründə Azərbaycanın mühüm təşəbbüslərə imza atıb və əsaslı nəticələr əldə edib. 2019-cu ilin oktyabr ayında Azərbaycan Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünü uğurla təşkil edib. Ötən müddət ərzində ölkəmiz beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atıb. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib. Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə görüşünün keçirilməsi təşəbbüsü irəli sürülmüş və 2020-ci il mayın 4-də həmin tədbir təşkil olunmuşdur. Təmas Qrupunun dünyanın müxtəlif regionlarını təmsil edən üzvləri ilə yanaşı, onlayn Zirvə görüşündə BMT-nin Baş katibi, BMT Baş Assambleyasının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı Komissiyasının sədri, Avropa İttifaqının Ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti də iştirak etmişdir. Hərəkata üzv ölkələrin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv ölkələrin mövcud ehtiyaclarının müəyyənləşdirilməsi üçün həmin məlumat bazasını istinad mənbəyi kimi istifadə edir.

Zirvə görüşü zamanı Azərbaycan Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsini təklif edib. Ümumilikdə həmin təşəbbüs BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəklənib və 2020-ci il dekabrın 3-4-də Xüsusi Sessiya baş tutub. Eyni zamanda Azərbaycan pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib. Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub. Dünyanı öz ağuşuna alan pandemiya dövründə peyvənd tədarükünün qeyri bərabər paylanmasını Azərbaycan sərt şəkildə qınayıb.

Qoşulmama Hərəkatının Bakı Zirvə görüşündə aldığı mandata əsasən, Azərbaycan sədr qismində təşkilat üzrə gənclərin institusional şəbəkəsinin yaradılmasının mümkünlüyünü nəzərdən keçirir. Eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin əməkdaşlığının parlamentlərarası istiqamətini də inkişaf etdirmək niyyətindədir.

Azərbaycanın növbəti təşəbbüslərindən biri isə Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkatın mövqeyinin və nüfuzunun gücləndirilməsi sahəsində birgə səylər göstərməkdə davam etməkdir. Pandemiyadan sonra bərpa mərhələsinə dair fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin müəyyən edilməsi baxımından Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli iclasının keçirilməsi faydalı ola bilər. Pandemiyadan irəli gələn çətinliklərin mürəkkəbliyini nəzərə alaraq, Qoşulmama Hərəkatı tərəfindən COVID-19-dan sonra qlobal bərpaya dair BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılması təşəbbüsü ilə çıxış edilməsi məqsədəmüvafiq olardı.

Qoşulmama Hərəkatının 2020-ci ildə ən böyük uğurlarından biri isə gündəliyində duran vacib məsələlərdən birinin uğurla həll edilməsidir.Belə ki, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin 2021-ci il 13 iyul tarixində keçirilmiş aralıq konfransında çıxışı zamanı da bildirmişdir ki: “30 ilə yaxın idi ki, Ermənistan ərazimizin təqribən 20 faizini işğal altında saxlayırdı. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə aparıb. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan 1992-ci ilin fevralında Xocalı soyqırımını törədib, 106-sı qadın, 63-ü uşaq olmaqla, yüzlərlə dinc insanı qətlə yetirib. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınıb. 30 il ərzində Ermənistan aparıcı beynəlxalq təşkilatların qətnamə və tələblərinə məhəl qoymayıb. Ötən ilin sentyabrında Ermənistan Azərbaycana qarşı irimiqyaslı hərbi hücuma keçib. Bu təcavüzə cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb və işğal altındakı ərazilərin böyük hissəsini azad edib. Azərbaycan 30 illik münaqişəyə son qoydu, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Qırx dörd günlük müharibə nəticəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza ataraq, Azərbaycanın işğal altındakı digər ərazilərindən qoşunlarını çıxarmağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrin icrasını təmin etdi. Qoşulmama Hərəkatı ölkələrinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyi çox qiymətlidir. Bakı Zirvə görüşünün Yekun Sənədində Qoşulmama Hərəkatı ölkələri ərazilərin güc yolu ilə zəbt olunmasının yolverilməzliyini vurğuladılar və təsdiq etdilər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq.2020-ci ilin iyulunda Qoşulmama Hərəkatı Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi hərbi təxribatla bağlı kommünike qəbul edib. Vətən müharibəsi zamanı - 2020-ci ilin oktyabrında nazirlər səviyyəsində keçirilən onlayn iclas çərçivəsində xüsusi bəyanat qəbul olunub. Bu sənədlərdə Qoşulmama Hərəkatı ölkələri Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib və ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə dair Azərbaycanla həmrəyliyini ifadə edib. BMT Təhlükəsizlik Şurasının bəzi üzvləri 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qətnamələrini nəzərə almadan, qərəzli bəyanat qəbul etdirmək cəhdləri göstərdilər. Lakin Təhlükəsizlik Şurasındakı müzakirələr zamanı Azərbaycanın mövqeyini dəstəkləyən Qoşulmama Hərəkatının yeddi üzvü təkid etdi ki, müzakirə edilən mətnə Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə istinad əlavə edilsin. Qoşulmama Hərəkatı ölkələrinin belə qətiyyətli mövqeyi onların “Bandunq prinsipləri”nə və Hərəkatın dəyərlərinə sadiqliyini nümayiş etdirdi. Azərbaycan onların bu mövqeyini ikitərəfli münasibətlərimizdə tarixi dostluq jesti kimi qəbul edir. Hətta qəbiristanlıqlar yerlə-yeksan edilib. Ermənistanın məqsədi əsrlər boyu həmin ərazilərdə yaşamış azərbaycanlıların izini silmək olub. Bizim məscidlərimiz donuz və inək tövləsi kimi istifadə edilib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, onu “Qafqazın Xirosiması” adlandırırlar. Füzuli şəhəri işğaldan azad olunandan sonra Ordumuz orada Azərbaycan bayrağını qaldırmaq üçün bir dənə də salamat bina tapa bilmədi. Onların hamısı Ermənistan tərəfindən dağıdılıb.. Azad olunmuş ərazilərdə müasir şəhərsalma planlaşdırılması həyata keçirilir. Həmin ərazilər yaşıl enerji zonası olacaq. Azərbaycan transformasiyanın nadir təcrübəsini nümayiş etdirərək, Lüksemburqun ərazisindən dörd dəfə böyük olan dağıdılmış ərazini yüksək yaşayış standartlarına malik firavanlıq məkanına çevirəcək. Əsas çətinlik Ermənistan tərəfindən basdırılmış çoxsaylı minalardır. 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra mina partlaması nəticəsində 30-a yaxın Azərbaycan vətəndaşı həlak olub, 100 nəfərdən çox insan isə yaralanıb. Bundan əlavə, minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir. Belə geniş ərazilərin minalardan təmizlənməsi olduqca böyük zaman və resurs tələb edir. Ermənistan mina xəritələrini verməkdən boyun qaçırır. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş bütün ərazilərin mina xəritələrini Azərbaycana versin.”


Prof. A.M.Bayramov ADAU -nun İctimai elmlər və Multikulturalizm kafedasının müdiri

FOTO / VİDEO
VİDEO