/ / Zəfər tariximizin ən yüksək zirvəsi

Zəfər tariximizin ən yüksək zirvəsi

57 Baxış

Zəfər tariximizin ən yüksək zirvəsi

30 il ərzində təcavüzkar siyasət yeridən Ermənistanın işğalı altında qalan torpaqlarımız 44 günlük zəfər yürüşündə geri qaytarıldı. Vətən müharibəsi Azərbaycanın yalnız hərb meydanında qələbəsi deyildi. Ona görə ki, bu müharibə həm də siyasət meydanında, diplomatik müstəvidə, informasiya sahəsində gedirdi. Qələbəni təmin edən əsas səbəb də məhz Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, ən çətin anlarda düzgün qərar qəbul etmək bacarığı oldu. 44 günlük müharibədə təkcə Ermənistan yox, Ermənistan üzərindən regionda məkrli oyunlar quran qüvvələr ağır məğlubiyyətə düçar oldu. Vətən müharibəsi həm də Azərbaycanın hərbi qüdrətinin əyani nümayişi oldu. Müasir hərbi texnika və sursatla silahlanmış Azərbaycan ordusu, peşəkarlığı və ciddi intizamı ilə dünya hərb tarixinə düşdü. Təsadüfi deyil ki, hətta dünyanın ən güclü ordusuna malik ölkələri belə Azərbaycanın Vətən müharibəsindəki təcrübəsini öyrənir və bunun müharibələr tarixində yeni dövrün başlanğıcı olduğunu etiraf edirlər. Müharibə həmçinin, Azərbaycan xalqının vətənpərvərliyini və döyüş ruhunu dünyaya göstərdi. On minlərlə vətən övladının qısa müddət ərzində ön cəbhədə döyüşmək üçün müraciət etməsi,eyni zamanda hər bir vətəndaşın arxa cəbhədə əlindən gələni etməsi isə özlüyündə bir qəhrəmanlıq salnaməsidir. Şəhid övladlarını “Vətən sağ olsun” deyərək məğrurluqla qarşılayan Azərbaycan xalqı müharibəyə hazır olduğu qədər qələbəyə layiq olduğunu da nümayiş etdirdi.

Cəmi 44 gün davam edən döyüşlər ordumuzun əldə etdiyi tarixi Qələbənin heç də təsadüfi olmadığına, ölkə rəhbərliyinin həyata keçirdiyi inkişaf doktrinasının, o cümlədən hərbi quruculuq siyasətinin məntiqi nəticəsi olduğuna sübutdur. Bu istiqamətdə böyük uzaqgörənlik nümayiş etdirən Prezident İlham Əliyev 2003-cü ildən bugünə qədər ölkə büdcəsində müdafiə xərclərinin 15 dəfə artırılaraq 4 milyard manata yaxın bir səviyyəyə qalxmasını təmin edib ki, bu da Ermənistanın hərbi büdcəsindən dəfələrlə çoxdur. Bu müddət ərzində Azərbaycanın Silahlı Qüvvələri müasir standartlar səviyyəsinə çıxaraq dünyanın 50 ən güclü orduları sırasına daxil olmasına müvəffəq olub. Ölkəmizdə müasir hərbi-sənaye kompleksinin formalaşması və qısa zaman ərzində 20-dən çox hərbi zavodun işə salınması Azərbaycanın öz daxili imkanları hesabına arsenalını formalaşdırmaq üçün əhəmiyyətli baza rolunu oynayır. Dünyanın aparıcı silah ixracatçılarından ən müasir silahların alınması və bu sahədə də şaxələndirilmiş siyasətin verdiyi dividentlər əldə edilmiş Qələbəni təmin edən mühüm faktordur. Bu, həm də siyasi amil olaraq digər dövlətləri və beynəlxalq gücləri qüdrətli Azərbaycanla hesablaşmağa sövq edir. Ordumuzun döyüş qabiliyyətinin çox yüksək dəyərləndirən ölkə Prezidenti bu sahədə dövlətin həyata keçirdiyi siyasətə aydınlıq gətirmişdir: “…Biz bir ölkədən asılı olmamaq üçün bu texnikanı bir çox mənbələrdən almışıq. Buna nail olmaq üçün gərək sənin tərəfdaş ölkələrlə sıx əlaqələrin olsun. Çünki silah bazarı çox həssasdır. Burada ancaq kommersiya, biznes maraqları hər şeyi həll etmir. Siyasi məsələlər hər şeyi həll edir. Biz tərəfdaş ölkələrdən elə texnika, elə silahlar almışıq ki, əgər bir mənbədən olan texnikaya bir şey olarsa, bizim ehtiyat imkanlarımız var və İkinci Qarabağ müharibəsi bunu göstərdi”. Qürurvericidir ki, bu gün dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız təhlil olunur, dünyanın aparıcı ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələr “Dəmir yumruq” əməliyyatının bütün incəliklərini öyrənirlər, öz ordularını Azərbaycanda tətbiq edilən müasir standartlara, müasir tələblərə uyğunlaşdırmaq istəyirlər.

Beləliklə, cənab İlham Əliyevin rəhbərlik etdiyi son 17 il ərzində ölkəmizin hərtərəfli islahatlar kursu ilə sürətli inkişafı, daim yüksələn beynəlxalq nüfuzu, ikinci Qarabağ müharibəsində böyük Qələbəni təmin edən ordu quruculuğu, xalq-iqtidar həmrəyliyi, ordu-vətəndaş birliyi bugünkü Azərbaycanı səciyyələndirən tarixi nailiyyətlərdir.Vaxtilə dahi lider Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaq!” səslənişi bəşəriyyətə ölkəmizin xoşbəxt gələcəyinə inamın və yaxın gələcəkdə ərazi bütövlüyümüzün bərpa olunacağına böyük ümidin ”işığı” idi. Ona görə də Vətən müharibəsində əldə olunmuş tarixi Zəfər bu gün Ulu Öndərin vəsiyyətinə ləyaqətlə əməl etmiş cənab İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev ideologiyasına söykənən siyasi kursun yeni keyfiyyətdə və yeni çağırışlar fonunda davamının nəticəsi kimi dəyərləndirilməlidir. Son illərdə möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən kompleks sosial-iqtisadi islahatlar, xalq-iqtidar birliyi, beynəlxalq nüfuzumuzun artması, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu sahəsində həyata keçirilən mühüm tədbirlər təbii ki, bu qələbəmizi şərtləndirdi. İqtisadi gücümüz qələbəni əldə etmək potensialımızı təmin etdi. Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən və beynəlxalq maliyyə qurumundan asılı deyil. İqtisadi müstəqilliyimiz və gücümüz ordumuzu gücləndirmək üçün fürsət yaradıb. Ordu üçün lazım olan bütün hərbi texnikanı, silahları alırıq. Azərbaycanda müdafiə sənayesi yaradıldı. Ordumuzun tələbatı böyük dərəcədə daxili istehsal hesabına təmin edilir. Göründüyü kimi, həyata keçirilən bu islahatlar nəticəsində Azərbaycan XXI əsrin ən böyük Qələbəsinə imza atdı.

Prof. Azad Bayramov
ADAU-nun İctimai Elmlər və Multikulturalizm kafedrasının müdiri

FOTO / VİDEO
VİDEO