/ / İrəvan Bakı ilə sülh müqaviləsi imzalamağa razılıq verməlidir - Naqif Həmzəyev

İrəvan Bakı ilə sülh müqaviləsi imzalamağa razılıq verməlidir - Naqif Həmzəyev

44 Baxış

İrəvan Bakı ilə sülh müqaviləsi imzalamağa razılıq verməlidir -

"Bu gün Azərbaycan regionun ən güclü dövlətlərindən biridir. Azərbaycanın iştirakı olmadan reionda hansısa layihənin baş tutması və gerçəkləşməsi faktiki olaraq mümkün deyil. Ölkəmiz öz qonşuları ilə əlverişli, iki və üçtərəfli münasibətlər qura bilib. Bu yaxşı münasibətlər nəticəsində Azərbaycan bütün kommunikasiya xətlərini işlək vəziyyətə gətirib. Hal-hazırda Şimal-Cənub və Şərq-Qərb kommunikasiya xətləri bizim ərazilərimizdən keçir. Dövlətimiz bu kommunikasiya xətlərinin işlək vəziyyətə gətirilməsi, enerji layihələrinin həyata keçirilməsi üçün çox böyük sərmayələr və enerji sərf edib. Nəticə etibarı ilə Azərbaycan bu gün öz iqtisadi müstəqilliyinə nail ola bilib. Faktiki olaraq hazırkı Ermənistan Azərbaycan üçün lazım deyil".

Bunu açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

26 İyun Silahlı Qüvvələr Günü Ali Baş Komandan İlham Əliyevin hərbçilər qarşısında səsləndirdiyi fikirlərlə bağlı mövqeyini bölüşən deputatın fikrincə, ölkəmiz 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü bərpa edərək, torpaqlarındakı erməni terrorçularını çıxararaq 30 ilə yaxın davam edən bir münaqişəni sona çatdırdı:

"Bu gün Azərbaycan üçün Ermənistan lazım deyil. Bu gün faktiki olaraq Ermənistan Azərbaycanla əlaqələrin qurulmasına möhtacdır. İrəvan başa düşür ki, Bakı ilə əlaqələrin qurulmasına zərurət var. Bu baxımdan Ermənistan özü Azərbaycan və digər qonşu dövlətlərlə əlaqələrini yaxşılaşdırmaq üçün səylər göstərməlidir. Ermənistan özü qonşuları ilə münasibətləri istiləşdirmək üçün cəhdlər etməlidir. Ermənistan həm daxildəki gərginliyi aradan qaldırmaq və regionda sülhə töhfə vermək üçün Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidir. Azərbayanla sərhədlərinin yaradılması üçün İsçi qrupun formalaşdırılması ilə bağlı Ermənistan özü təşəbbüslə çıxış etməlidir. Bu barədə öz xoş niyyətini bildirməlidir. 44 günlük müharibə ilə münaqişəyə son qoyuldu. Artıq Dağlıq Qarabağ və buna bənzər terminlərin işlədilməsinə heç bir lüzum yoxdur. Ermənistan da tamamilə bundan əl çəkməlidir. Ermənistan Azərbaycan ərazilərini və sərhədlərini tanımalıdır və hörmət etməlidir. Belə olan təqdirdə Azərbaycan region dövlətləri ilə əməkdaşlığa, kommunikasiya xəttlərindən istifadəyə Azərbaycan razılıq verə bilər. Bir şərtlə ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından tamamilə əl çəksin. 3 tərəfli bəyanatda götürdükləri öhdəlikləri yerinə yetirsin".

Naqif Həmzəyev hesab edir ki, qalan digər məsələlər isə işçi qrup formatında öz həllini tapa bilər: "Bir sözlə, bu gün Azərbaycan diqtə edən tərəfdir. Ölkəmiz 30 il ərzində ermənilərin bizim ərazilərimizdə törətdiyi vəhşilikləri, soyqırımları unutmayıb və unuda bilməz. Bizim şəhidlərimiz var, Allah onlara rəhmət etsin. Şəhidlərimizin ruhu şaddır. Həmin insanların nə üçün şəhid olduqlarını biz bilirik. Ermənilərin törətdikləri bu vəhşilikləri biz heç vaxt unuda bilmərik, Xocalı soyqırımı kimi əsrin soyqırımı var. Bunu nə biz, nə də dünya ictimaiyyəti unutmamalıdır. Bununla əlaqədar olaraq biz həmişə lazımı işləri görməliyik. Gələcək nəsillərə də bu həqiqətləri ötürməliyik. Bütün bunlarla yanaşı, biz regionda daimi sülhün olmasında maraqlıyıq. Burada əsas məsələ ondan ibarətdir ki, Ermənistan öz səhvini anlasın və dərk etsin. Ermənistan bizim ərazilərimizə qarşı təcavüzü etiraf etməlidir, hərçənd ki, artıq bunu dünya ictimaiyyəti bilir. İrəvan Bakı ilə sülh müqaviləsi imzalamağa razılıq verməlidir. Belə olacağı təqdirdə Azərbaycan dövləti də lazımı addımlar atacaq. Bütün bunların fonunda Azərbaycan Ordusu öz üzərinə düşən missiyanı yerinə yetirdi. Bu gün regionun ən güclü ordularından biri məhz bizə məxsusdur. Bundan sonra da biz ordumuzun gücünü və qüdrətini qoruyub saxlayacağıq. Ali Baş Komandanımız, cənab prezidentimizin rəhbərliyi altında daha böyük uğurlara, daha böyük inkişafa nail olacağıq".

FOTO / VİDEO
VİDEO