/ / Qazandığı zəfərlə tanınan Azərbaycan Ordusu

Qazandığı zəfərlə tanınan Azərbaycan Ordusu

68 Baxış

Qazandığı zəfərlə tanınan Azərbaycan Ordusu

Ötən əsrin sonlarında mövcud tarixi proseslərdən doğan reallıqlar keçmiş SSRİ respublikalarına öz müstəqilliklərini elan etmək imkanı yaratdı. Azərbaycan da belə bir tarixi şəraitdə ikinci dəfə dövlət müstəqilliyinə qovuşdu. Müstəqillik bərpa olunandan dərhal sonra Müdafiə Nazirliyinin yaradılması barədə qərar, Silahlı Qüvvələrin yaradılması haqqında qanun qəbul edildi. Lakin müstəqilliyini yenicə əldə etmiş ölkədə güclü siyasi və hərbi böhran hökm sürürdü. Ordunun silah, sursat və texnika ilə təchizatında ciddi problemlər mövcud idi. Həmçinin peşəkar zabit kadrları çatışmırdı, ordunun döyüş qabiliyyətini təyin edən vəzifələrdə boşluq az deyildi. Bütün bunlara 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra tədricən son qoyulmağa başlandı.

Bunu AZƏRTAC-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva söyləyib.

Mehriban Vəliyeva bildirib ki, ulu öndər Heydər Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi vaxt itirmədən gənc, müstəqil Azərbaycanın hərb sahəsində dirçəlişə nail olması üçün ciddi tədbirlər görməyə başladı. Əlbəttə ki, müharibə şəraitində yaşayan, ard-arda torpaqları işğal olunan bir ölkədəki hərbi durumu, cəbhədəki ağır vəziyyəti çox qısa zamanda düzəltmək mümkün deyildi. Dahi rəhbər Heydər Əliyev mürəkkəb bir şəraitdə hərbi sahədə islahatları sürətləndirmək məqsədilə vacib qərarlara imza atdı. Nizami ordunun yaradılmasına başlanıldı, Müdafiə Nazirliyinə, Baş Qərargaha, hərbi hissə və birliklərə hərbçi olmağı şərəf bilən, dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan peşəkar hərbçilər, komandirlər cəlb edildi. Digər tərəfdən, xalqla ordu birliyinin möhkəmləndirilməsi bu prosesin ayrılmaz tərkib hissələrindən birinə çevrildi. “Xalqla ordunun birliyi həm xalqın, ölkənin qüdrətini artırır, həm də ordunu daha da qüvvətli edir” deyən ümummilli lider Heydər Əliyevin Ali Baş Komandan kimi hərbçilərə, əsgərlərə mənəvi dəstəyinin nümunəsi olaraq ön xəttə etdiyi səfərləri, döyüşçülərimizlə səngərdə görüşməsini hər kəs xatırlayır. Bunun özü hərbçilərin döyüşə ruhlandırılması üçün ən gözəl nümunə idi. Azərbaycanda ordu quruculuğunun daha da sürətlənməsi 1994-cü il mayın 12-də imzalanan atəşkəs haqda müqavilədən sonra baş verdi. Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılması, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması, döyüş ruhunun yüksəldilməsi işinə diqqət daha da artırıldı. Bütün bunların nəticəsi olaraq, Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi, bölgənin ən güclü ordusuna çevrildi. Ordu quruculuğuna məhz görkəmli dövlət xadimi Heydər Əliyev kimi qüdrətli şəxsiyyətin rəhbərlik etməsi Azərbaycan Ordusunun qısa zaman kəsiyində güclənməsinə və uğurlu şəkildə təşkilatlanmasına səbəb oldu. Ulu Öndər həyata keçirilən bu islahatların nəticəsi olaraq güclənən Azərbaycan Ordusunun artıq bölgədə böyük gücə çevrilməsindən məmnunluğunu belə ifadə edirdi: “Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri qeyd edib ki, Ümummilli Liderin Azərbaycanın ordu quruculuğuna verdiyi xüsusi önəm, hərb siyasətinin bütün incəliklərinə və dəqiqliyinə bələd olması bugünkü güclü, qüdrətli və qalib Azərbaycan Ordusunun təməl prinsiplərini təşkil edir. “Ordum varsa, yurdum var” deyimindən çıxış edərək cəsarətlə söyləyə bilərik ki, həm 2016-cı ilin Aprel döyüşləri, həm ötən ilin iyulunda baş verən Tovuz hadisələri və ən nəhayət 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gündən sonra Azərbaycanın şanlı Qələbəsi ilə başa çatan Vətən müharibəsi ordumuzun qüdrətini, əsgər və zabitlərimizin mərdliyini bütün dünyaya nümayiş etdirdi. Bütün dünya gördü ki, Azərbaycanın torpaqlarını, ərazi bütövlüyünü qoruyan güclü ordusu və o ordunun güclü sərkərdəsi, Müzəffər Ali Baş Komandanı var. Azərbaycan Ordusu özünü, gücünü şanlı Qarabağ Zəfəri ilə dünyaya tanıtdı. Sevindirici haldır ki, yetişməkdə olan nəsillər də vətənpərvər ruhda formalaşır, məktəblərimizdə vətənpərvərlik tərbiyəsi işi yüksək səviyyədə aparılır. Sözsüz ki, bütün bunlar son nəticədə qüdrətli Azərbaycan Ordusunun ruhunda özünü büruzə verən vacib amillərdəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin təhsilə, uşaqların hərtərəfli inkişafına göstərdiyi qayğı gələcəyimiz olan gənclərin daha hərtərəfli və daha vətənpərvər olmasına zəmin yaradır.

“Qətiyyətlə deyə bilərik ki, hərbi qüdrəti və döyüş qabiliyyəti yüksək olan Azərbaycan Ordusunun yaradılmasında ümummilli lider Heydər Əliyevin başladığı işləri Prezident İlham Əliyev uğurla davam etdirir. Ordumuzun müdafiə qüdrətinin, döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının gücləndirilməsi dövlətin ordu quruculuğu siyasətinin prioritet istiqamətlərindəndir. “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var!”- deyən ölkə rəhbərinin güclü sərkərdəlik qabiliyyəti və rəşadətli Azərbaycan əsgərinin birgə əldə etdiyi Zəfərin başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 18 ildə həyata keçirdiyi güclü hərbi strategiya, milli birlik və əsgərlərimizin ruh yüksəkliyi idi. Təsadüfi deyil ki, bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır və bu, dövlət başçımızın ordu quruculuğu işinə verdiyi böyük önəmin nəticəsidir. Prezident İlham Əliyevin ölkəmizin müdafiə qüdrətinin artırılması istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət Qarabağ müharibəsində böyük Qələbəyə aparan yolun ən mühüm hadisələrindəndir. Ordumuzun ən müasir hərbi texnika ilə silahlandırılması, yüksəkixtisaslı, peşəkar zabit korpusunun formalaşdırılması, həmçinin şəxsi heyət arasında hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi Azərbaycanın regionda ən güclü orduya sahib olmasını şərtləndirən amillərdir. 44 günlük Vətən müharibəsi göstərdi ki, 30 ilə yaxın nəticəsiz qalan sülh danışıqları prosesinin sonunda güclü, modern silahlanmış ordumuz düşmən əsarətində olan ərazilərimizin hərb yolu ilə işğaldan azad edilməsində Azərbaycanın üstünlüyünü təmin etdi. Dövlətimizin başçısı bütün çıxışlarında, xüsusilə də müharibənin getdiyi günlərdə nüfuzlu beynəlxalq media orqanlarına, kütləvi informasiya vasitələrinə verdiyi müsahiblərdə də dönə-dönə vurğulayırdı ki, döyüş meydanında əldə edilmiş bütün zəfərlərin başlıca qəhrəmanı Azərbaycan əsgəri və zabitidir: “Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev Vətən müharibəsində ən böyük dayağının Azərbaycan xalqı olduğunu, böyükdən-kiçiyə hər kəsin, bütün dünya azərbaycanlılarının birliyini, dəstəyini də xüsusi olaraq qeyd edib: “Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Bu illər ərzində bizə qarşı aparılan qara piar kampaniyası, qarayaxma, şər-böhtan kampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas vəzifəmizdən uzaqlaşdırsınlar, biz uzaqlaşaq, daxili problemlər içində boğulaq və işğal edilmiş torpaqlar işğalçıların əlində əbədi qalsın. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi”.

Həqiqətən də, Vətən müharibəsi dövründə qazanılan hər tarixi zəfərdən sonra dövlət başçımızın Azərbaycan xalqına etdiyi müraciətlər, hər kəsin səbirsizliklə cəbhədən gələn xəbərləri birbaşa Prezident İlham Əliyevin rəsmi tviter hesabından izləməsi Müzəffər Ali Baş Komandana olan inam və xalq-iqtidar birliyinin bariz nümunəsi idi. Yaşadığımız yaxın tarixi hadisələr bir daha göstərdi ki, Qarabağ Zəfəri ulu öndər Heydər Əliyevin siyasi və hərbi islahatları ilə başlayıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən ordu quruculuğunun uğurlu məntiqi nəticəsidir. Ordu quruculuğunu dövlətçiliyin başlıca prioriteti hesab edən Ulu Öndərin əsasını qoyduğu yolun uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan Ordusu Cənubi Qafqazda ən üstün hərbi gücdür”,- deyə Mehriban Vəliyeva fikrini yekunlaşdırıb.

FOTO / VİDEO
VİDEO