/ / 15 İyun – müstəqilliyimizin təntənəsi, zəfərə gedən yolun başlanğıcıdır

15 İyun – müstəqilliyimizin təntənəsi, zəfərə gedən yolun başlanğıcıdır

1 041 Baxış

15 İyun – müstəqilliyimizin təntənəsi, zəfərə gedən  yolun başlanğıcıdır

Tarixi təcrübə göstərir ki, dövlətin, cəmiyyətin və insanlığın inkişafını müəyyən edən əsas faktorlardan biri də lider fenomenidir. Məhz böyük şəxsiyyətlər özlərinin fəaliyyəti, irəli sürdüyü ideyalar və qəbul etdiyi qərarlarla nəinki öz dövlətlərinin tarixinə, bütövlükdə dünyada gedən ictimai-siyasi proseslərə təsir göstərmək imkanına malik olurlar. Belə tarixi simalar öz əməlləri və ideyaları ilə xalqların həyatında o qədər dərin iz qoyurlar ki, millətin və dövlətin tərəqqisinin həmin dövrü birbaşa onların adları ilə bağlı olur.

Bütün tarixi dövrlərdə böyük siyasi liderlər üçün səciyyəvi keyfiyyətlərdən biri onların xalq və dövlət üçün ən böhranlı, çətin sınaq anlarında məsuliyyəti çiyinlərinə götürmələri, bütöv bir xalqın, millətin xilaskarına çevrilmələri olmuşdur. Bu mənada ümummilli lider Heydər Əliyevin fitri idarəçilik keyfiyyətləri, ekstremal və millətin taleyi baxımından məsuliyyətli dönəmlərdə qətiyyətli və ən optimal qərarlar qəbul etmək məharətini xüsusi qeyd etmək lazımdır. 1991-1993-cü illərdə respublikada cərəyan edən mürəkkəb proseslər - siyasi böhranın, xaos və anarxiya mühitinin dərinləşməsi, xalqın canı, qanı bahasına əldə etdiyi müstəqilliyin itirilməsi təhlükəsinin yaranması bu reallığı bir daha təsdiqlədi ki, yalnız böyük ictimai dəstəyə malik liderlər xalqlarının müstəqilliyinə etibarlı təminat yarada, onu qoruyub saxlaya bilərlər.

Bəhs olunan dövrdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, ictimai asayişin qorunması sahəsində çox ciddi problemlər yaratmışdı. Əgər bu həlledici mərhələdə tarixə Milli Qurtuluş Günü kimi daxil olmuş əlamətdar hadisə baş verməsəydi, xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, hər zaman tərəqqi edən, yeniləşən və demokratikləşən Azərbaycan dövlətindən danışa bilməzdik.

Ulu öndər özü Azərbaycan tarixinin şanlı və ağrılı səhifələrini dərindən bildiyinə, böyük vətənpərvərlik duyğuları ilə yaşadığına görə keçmiş SSRİ dövlət sistemində qazandığı zəngin təcrübədən yeni Azərbaycan dövlətinin əsaslarını qurmaq üçün böyük uzaqgörənliklə istifadə edirdi. Hələ müstəqilliyini elan etməmişdən əvvəl Naxçıvanda xalqın tələbi ilə rəhbərliyə gəlmiş Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin əsas atributlarını ilk dəfə orada bərpa etmiş, onun təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayraq Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilmiş və bunun Azərbaycanın dövlət bayrağı kimi təsdiq edilməsi barədə respublika Ali Soveti qarşısında vəsatət qaldırılmış və bu vəsatət 1991-ci il fevralın 5-də qəbul olunmuşdur. Ulu öndər keçmiş SSRİ-nin saxlanması üçün keçirilən referendumda Naxçıvan Muxtar Respublikasının iştirakına yol verməmiş, ilk dəfə muxtar respublikanın adından “sovet” və “sosialist” sözlərini çıxarmağa qərar vermiş və onun bu qətiyyəti o zaman böyük əks-səda doğurmuşdu. Təbiidir ki, ümummilli liderin xidmətləri bununla bitmir. Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə Azərbaycanın rəhbərliyinə qayıtdıqdan sonra yaranmış tarixi fürsətdən istifadə edərək ölkəmizin müstəqillik tarixinə elə şərəfli səhifələr yazmış, elə böyük işlər görmüşdür ki, onları sadalamaqla qurtarmaz.

Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin Sədri seçilməsi onun sadəcə hakimiyyətə qayıdışı deyildi, eyni zamanda xalqın qurtuluş, qəhrəmanlıq tarixidir. ümummilli lider Heydər Əliyev Azərbaycanın itirilmiş inamını özünə qaytardı, Azərbaycanın əsl müstəqilliyini təmin etdi. 1993-cü ilin əvəllərində artıq Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. O zaman Azərbaycan son dərəcə ağır vəziyyətdə idi. AXC-Müsavat iqtidarının səriştəsizliyi üzündən hərc-mərclik, başıpozuqluq, hakimiyyət uğrunda didişmə dövlətin bütün sahələrinə sirayət etmişdi. Tarixi düşmənimiz ermənilər birbirinin ardınca rayonlarımızı işğal edib, yüz minlərlə soydaşımızı öz vətənində qaçqına çevirmişdi. Azərbaycanı parçalamaq və bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas etmək reallıqdan çox uzaq görünürdü. Bu zaman xalqın təkidli dəvətini qəbul edən ulu öndər Heydər Əliyev iyunun 9-da Bakıya gəldi. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı. Bununla da, daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən ümummilli liderimiz Heydər Əliyevin Gəncəyə səfəri vətəndaş müharibəsinin qarşısını aldı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə millimənəvi dəyərlərimiz bərpa edildi, Onun qətiyyətlə, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas oldu, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək, böyük nailiyyətlər qazandı.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Heydər Əliyevin qətiyyəti sayəsində siyasi anarxiya və eksperimentlərə son qoyuldu. Ölkədə cinayətkarlığın, özbaşınalığın qarşısı tam alındı, bütün qanunsuz silahlı dəstələr ləğv edildi. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Ümummilli lider Heydər Əliyevin dövründə “Əsrin müqaviləsi” imzalandı ki, nəticədə Azərbaycanın həm də əsl müstəqilliyə yeni yollar açıdı, alternativlər yarandı. Dövlətimizin hüquqi əsası yaradıldı. Konstitusiya qəbul edildi. Ümummilli liderin rəhbərliyi altında çoxvektorlu xarici siyasətin strategiyasının əsasları işlənib hazırlandı, ölkədə sülh və dialoq kimi başa düşülən azərbaycançılıq ideologiyası fəlsəfəsinin əsası qoyuldu.

15 iyun qayıdışı Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxlamış, ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas almasından xilas etmişdir. Məhz ona görə də bu böyük lider təkcə öz ömrünün, insan həyatının deyil, həm də bütöv bir xalqın tarixinin yüksək zirvəsində özünə əbədi yer qazanmış dahi şəxsiyyətdir. Ulu öndərin mənalı və şərəfli ömür yolunun hər bir parlaq səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. Azərbaycanın son 50 illik tarixinin bütün mərhələlərində bu fenomenal şəxsiyyətin geniş fəaliyyətinin izləri görünür. “Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm” deyən ulu öndər Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz, Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.

Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurlara qısa baxış bir daha bu fikri böyük fəxr hissi ilə deməyə əsas verir ki, bu yol uğur, tərəqqi yoludur. Heydər Əliyevin ideyaları Azərbaycanın qarşısında yeni üfüqlər açır. Biz bu ufüqlərin işığında Ulu Öndərin laiqli davamçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlar əldə edən və çiçəklənən Azərbaycan görürük. Cənab Prezident İlham Əliyevin rəhbəliyi altında müzəffər ordumuz 30 ilə yaxın davam edən işğala son qoydu. “Qarabağ Azərbaycandır!” reallığını cəmi 44 gün ərzində tarixə şərəflə həkk etdirdi. Müzəffər Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində uğurlu əks-hücum əməliyyatları keçirərək cəmi 44 gün ərzində düşməni darmadağın edərək sübut etdi ki, “Qarabağ Azərbaycandır!”

Əldə olunan hər bir uğurumuzun kökündə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt dayanır. Heydər Əliyev yolu bizə hələ çox-çox yeni uğurlar və zəfərlər qazandıracaq.

Prof. A.M.Bayramov
ADAU-nun İctimai elmlər və multikulturalizm kafedrasının müdiri

FOTO / VİDEO
VİDEO