/ / Bu Bəyannamə ilə iki dövlət bütün sahələr üzrə öz təcrübələrini bölüşəcəklər - Naqif Həmzəyev

Bu Bəyannamə ilə iki dövlət bütün sahələr üzrə öz təcrübələrini bölüşəcəklər - Naqif Həmzəyev

59 Baxış

Bu Bəyannamə ilə iki dövlət bütün sahələr üzrə öz təcrübələrini bölüşəcəklər -

“15 iyun tarixində Azərbaycanın Mədəniyyət paytaxtı olan Şuşa şəhərində Prezidentimiz Cənab İlham Əliyev və Türkiyənin Prezidenti Rəcəb tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsi tarixi bir sənəddir”.

Bu barədə açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Deputat bildirib ki, Azərbaycan və Türkiyə münasibətlərinin gələcəyini müəyyənləşdirən bir bəyannamədir.

"Bu bəyannamədə, Azərbaycan və Türkiyənin liderləri olan, tarixi şəxsləri olan ulu öndər Heydər Əliyev və Mustafa Kamal Atatürkün tarixi sözləri öz əksini tapıb. Ulu öndər Heydər Əliyev demişdir ki, Türkiyə və Azərbaycan bir millət İki dövlətdir, Atatürk isə “Azərbaycanın sevinci sevincimiz, kədəri isə kədərimizdir” demişdi. Bu kələmların bəyannamədə yer alması həm bizim tariximizə, əcdadlarımıza, onların bizə əmanət etdiyi adət-ənənəyə sadiqliyimizi göstərir. Həmçinin Azərbaycanın zəfərinin əsas simvolu olan Mədəniyyət paytaxtımız Şuşada hər iki Prezidentin imzaladığı sənədin bu dövlətlərin həmişə birlikdə olacaqlarını, birlikdə mübarizə aparacaqlarını, Türkiyə və Azərbaycan qardaşlığının daimi və əbədi olacağını təsdiqləyən və möhürləyən tarixi hadisə idi. Azərbaycan və Türkiyə strateji əməkdaşlıq istiqamətində çox böyük işlər görüblər. Azərbaycan özünün bütün beynəlxalq layihələrini Türkiyə üzərindən həyata keçirir. Cənub Qaz Dəhlizi Türkiyədən keçərək Azərbaycan qazının Avropaya çatdırılması xüsusilə qeyd olunmalıdır. Bu gündən sonra da Azərbaycan və Türkiyə bütün beynəlxalq layihələrdə və beynəlxalq platformalarda birlikdə fəaliyyət göstərəcəklər, iqtisadi inkişafa birlikdə nail olacaqlar”.

N.Həmzəyev bildirib ki, Azərbaycan ordu quruculuğuna çox önəm verir.

“Ötən dövr ərzində Azərbaycan müasir dövrün tələblərinə cavab verə biləcək bir ordu qura bildi. Ən müasir texnikaları, avadanlıqları ordu invertarına daxil etdi. Bu prosesdə Türkiyənin rolu və dəstəyi əvəzsizdir. Azərbaycan bundan sonra da Türk ordusu modelində, güclü ordunun qurulması və müasir ordunun qurulması üçün Türkiyə ilə əməkdaşlıq edəcək, birlikdə regionun çox güclü ordusuna sahib olacaq”.

“Müqavilədə Zəngəzur dəhlizinin açılması ilə bağlı məqam var. Zəngəzur dəhlizinin açılması ilə geosiyasi vəziyyət tamamilə dəyişəcək. Azərbaycan və Türkiyə arasında həm avtomobil yolu, həm də dəmir yolu işə düşəcək. Bu isə, region üçün çox önəmli biri məsələdir” – deyə, deputat fikirlərinə əlavə edib:

“Tək Azərbaycan-Türkiyə deyil, region dövlətləri də bu dəhlizdən istifadə edəcək. Regionun inkişafında Zəngəzur dəhlizinin rolu və əhəmiyyəti çox önəmlidir. Bütün sahələr üzrə Türkiyə və Azərbaycan arasında ikitərəfli əlaqələr mövcuddur. Bu əlaqələrin daha da inkişaf etməsi üçün bu bəyannamədə xüsusi qeydlər var. İki dövlət bütün sahələr üzrə öz təcrübələrini bölüşəcəklər. Bütün sahalər üzrə iki dövlətin inkişafının şahidi ola bilərik. Türkiyə Azərbaycanın 44 günlük Vətən müharibəsində ilk saatlardan öz dəstəyini verdi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyri-şərtsiz olaraq Azərbaycanın yanında olduqlarını, Azərbaycanın mövqeyini dəstəklədiklərini bildirdi. Sonuna qədər də Türkiyə xalqı, Türkiyə dövləti Azərbaycanı dəstəklədi. Bir sözlə “İki dövlət, bir millət” deyimi 44 günlük Vətən müharibəsində də açıq aşkar göründü. Cənab Prezidentimizlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşaya birgə səfəri, orada sərgilənən və verilən mesajlar bu münasibətlərin inkişafında çox mühüm rol oynayacaq”.

Deputatın sözlərinə görə, Şuşada Türkiyənin baş konsulluğunun açılması ilə bağlı qeydlərin olması və prezidentlərin mətbuat konfransında söylədikləri bu fikirlər hər kəs tərəfindən sevinclə qarşılandı.

“Bu, diplomatik münasibətlərdə yeni səviyyənin başlanğıcı kimi qeyd olunmalıdır. Tezliklə Şuşada Türkiyənin baş konsulluğunun açılması Qarabağa qayıdış proqramında yaxından iştirak etmiş Türkiyə şirkətlərinin, vətəndaşlarının daha rahat çalışa bilməsi üçün bir zəmin olacaq. Həmçinin Türkiyə dövlətinin məhz Qarabağda konsulluq açıması diplomatik münasibətlərimizin inkişafına böyük təkan olacaq. Bütün müstəvilərdə qardaşlıq münasibətlərinin şahidi olmuşuq, bundan sonra da münasibətlər inkişaf edəcək və beynəlxalq əhəmiyyət kəsb edən Zəngəzur dəhlizinin fəaliyyətə başlamasıyla da daimi sülhə nail olacağıq. 6 tərəfli platforma real olaraq işə başlayaxaq. Türkiyə-Azərbaycan münasibətlərinin artan xətt üzrə inkişafı nəticə etibarı ilə, Ermənistanın da bu reallığı, gerçəkliyi qəbul edərək kommunikasiya xətlərinin fəaliyyət göstərməsinə dəstək verməyə məcbur olacaq. Bir sözlə, Şuşa bəyannaməsi tarixi bəyannamədi, Şuşa zirvəsi Türkiyə Azərbaycan münasibətlərinin, qardaşlığının zirvəsidir”.

FOTO / VİDEO
VİDEO