/ / Qarabağa həyat yenidən qayıdır

Qarabağa həyat yenidən qayıdır

1 097 Baxış

Qarabağa həyat yenidən qayıdır

Bu gün Azərbaycan xalqı olaraq torpaqlarımızın işğaldan azad olunmasının sevincini və qürurunu yaşayırıq. 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad etdi, düşmənin hərbi birləşmələri darmadağın olundu. Bunun nəticəsində işğalçı Ermənistan məğlubiyyətini etiraf edərək kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı.

Hazırda qarşıda dayanan əsas vəzifəmiz azad olunmuş ərazilərimizdə quruculuq-bərpa işlərinin həyata keçirilməsidir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. İşğaldan azad olunmuş bütün ərazilər Baş plan əsasında bərpa olunacaqlar.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdama son səfəri zamanı bir sıra əhəmiyyətli təhsil, mədəni və iqtisadi yönümlü obyeklətin təməlini qoydu. Buna misal olaraq 140 illik tarixi olan 1 saylı məktəbin, gələcəkdə burada iş yerlərinin yaradılmasına xidmət edəcək Ağdam Sənaye Parkının, Bərdə-Ağdam avtomobil yolunun, habelə 125 hektarlıq böyük meşə zolağının təməli qoyuldu. Bunlarla yanaşı, Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur. İmarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilib. Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası artıq hazırlanıb. Burada süni gölün, kanalların və körpülərin də yaradılması nəzərdə tutulur.

Təəssüf hissi ilə qeyd etməliyik ki, erməni vandalları geridə qalan 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımızı dağıdıb, talan ediblər. Azad etdiyimiz bütün ərazilərdə erməni vandalizminin izləri açıq-aydın görünür. Bütün maddi sərvətimiz məqsədyönlü şəkildə dağıdılıb, talan edilib, tarixi-dini abidələrimiz sökülüb.

Bununla belə tarixi ədalət öz yerini tapdı. Azərbaycan öz əzəli torpaqlarını işğaldan azad etdi. İndi həmin ərazilərdə abadlıq-quruculuq işləri həyata keçirilir. Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq. Qarabağa həyat yenidən qayıdır!

FOTO / VİDEO
VİDEO