/ / Azərbaycan vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır

Azərbaycan vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır

1 014 Baxış

Azərbaycan vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır

Regiondaki son hadisələr, İkinci Qarabağ müharibəsi vəziyyəti tam dəyişdi. Bu səbəbdən, Cənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac duyulur. 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır.

Cənubi Qafqazda fəal əməkdaşlıq və inteqrasiya mühiti yaradılmalıdır. Enerjinin Avropaya çatdırılması məsələsinə gəlincə, tarixi layihə olan Cənub Qaz Dəhlizinin tamamlanması nöqteyi-nəzərindən ötən ilin sonuncu günü əlamətdar bir gün olmuşdur. Sərbəst inteqrasiya olunmuş 3,5 min kilometr uzunluğunda qaz boru xətləri birləşdirilmiş və bir layihə kimi bir-birinə bağlanmışdır. İlk dəfə Azərbaycan qazı Avropaya çatdırılmışdır. Bu, həqiqətən də tarixi hadisə idi. Çünki layihə bütün nöqteyi-nəzərdən – maliyyə, siyasi və texniki baxımdan böyük bir çağırış idi.

Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü Azərbaycan fəal dəstəkləyir. Asiyanı Avropa ilə birləşdirmək kontekstində sözügedən layihə beynəlxalq gündəliyin mühüm hissəsidir. Azərbaycan öz ərazisində bütün zəruri nəqliyyat layihələrini tamamlayıb və təşəbbüs çərçivəsində Asiya və Avropadakı tərəfdaşlarla mühüm bağlantılar var. İqtisadi layihələr regional əməkdaşlığı qaçılmaz edir. Tam aydındır ki, enerji və nəqliyyat layihələri Cənubi Qafqazı transformasiyaya uğradıb, regionun iki ölkəsinə – Gürcüstan və Azərbaycana əlavə maliyyə ehtiyatları əldə etməyə imkan verib, ölkələrimizin beynəlxalq tərəfdaşlar qarşısında əhəmiyyətini artırmağa imkan yaradıb. Sonradan bizə nəqliyyat layihələrinə, elektrik enerjisi istehsalı sistemlərinin birləşdirilməsi layihələrinə investisiya yatırmaq üçün güclü tərəfdaşlıq yaratmağa imkan verib.

Qarabağ Rusiya ilə ABŞ arasında olan nadir əməkdaşlıq mövzularından biridir. Rusiya və ABŞ Minsk qrupunun həmsədrləri kimi demək olar ki, 30 il ərzində Azərbaycanla Ermənistan arasında fəal danışıqlar prosesinin bir hissəsi olublar. ABŞ-la Rusiya arasında əlaqələrin çox aşağı səviyyədə olduğu bir vaxtda xüsusilə aydın görünür ki, münaqişənin həlli məsələsi bəlkə də Rusiya və ABŞ-ın çox fəal və çox açıq şəkildə əməkdaşlıq etdiyi yeganə məsələ idi. Müəyyən mənada Azərbaycan öz münaqişəsi ilə ən azı bu iki supergücün səmimi şəkildə əməkdaşlıq edə biləcəyi bir sahəyə malik olmaqla mühüm rol oynayır.

Rusiya və ABŞ-ın ən yüksək rütbəli hərbi rəsmiləri, hər iki ölkənin ordularının baş qərargah rəisləri Bakıda mütəmadi görüşlər keçirirdilər. Rusiya ordusunun baş qərargah rəisi və NATO-nun hərbi komandiri də bir neçə dəfə Bakıda silsilə danışıqlar aparıblar. Onlar hər hansı başqa bir məkan seçə bilərdilər. Lakin Bakının seçilməsi, ilk növbədə, Azərbaycanın müstəqil xarici siyasətinin həqiqətən də yaxşı göstəricisi, həmçinin ölkəmizə yüksək səviyyəli hörmətin və etimadın təzahürüdür.

Azərbaycan-İsrail münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Biz fəal ticarət tərəfdaşlarıyıq və ticarətin həcmi artmaqdadır. Əməkdaşlığımızın vacib sahələrindən biri turizmdir. Pandemiyadan əvvəl Azərbaycan ilə İsrail arasında müntəzəm gündəlik uçuşlar həyata keçirilirdi, qarşılıqlı səfərlər mövcud idi. Çünki İsraildə böyük yəhudi-azərbaycanlı icması var, Azərbaycanda isə regionun ən çoxsaylı fəal yəhudi icması mövcuddur.

Azərbaycanın yəhudi icması Azərbaycan-İsrail ikitərəfli münasibətlərində çox önəmli rol oynayır. Azərbaycanın fəal yəhudi vətəndaşları iki ölkə arasında daha sıx münasibətlərin olması üçün böyük işlər görürlər. Əməkdaşlığımızın vacib sahələrindən biri müdafiə sənayesidir. Bu əməkdaşlıq uzun illərdir davam edir.Azərbaycan-ABŞ münasibətlərinin böyük potensialı və perspektivi var. Əməkdaşlığın vacib sahəsi enerji təhlükəsizliyidir. ABŞ hər zaman iri enerji layihələrinin icrasında yardımçı olub, neft-qaz kəmərləri və ya Amerika şirkətlərinin sərmayə qoyuluşu məsələlərində hər zaman Azərbaycanı dəstəkləyib. Əməkdaşlıq sahələrimizə müasir texnologiyalar və ticarət daxildir.

Biz, eyni zamanda, ABŞ hərbi avadanlığına çıxış əldə etmək istəyirik. Azərbaycan ilə ABŞ arasındakı əlaqələrdə aparıcı rol ABŞ-a məxsusdur və hər şey qarşı tərəfin gündəliyindən asılı olacaq. Azərbaycan-Çin münasibətləri konstruktiv şəkildə inkişaf edir. Azərbaycan ilə Çin arasında siyasət, ticarət, sərmayə qoyuluşu sahələrində çoxsaylı sənədlər imzalanıb. “İpək yolu” məsələsində Azərbaycan öz ev tapşırığını yerinə yetirib.

Türkiyə və Gürcüstandakı tərəfdaşlarımızla birlikdə dəmir yolu şəbəkələrimizi birləşdirdik və əlaqələrimizi gücləndirmək üçün Xəzər dənizində müasir liman inşa etdik. Yükaşırma qabiliyyəti artırıldıqda bu liman 25 milyon ton yük qəbul edə bilər. Ölkəmiz “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” şirkətinə sərmayə yatırıb və bu gün Xəzər dənizində ən böyük donanmaya malikdir.

ADAU -nun İctimai elmlər və Multikulturalizm kafedrasının mudiri, professor A.M.Bayramov

FOTO / VİDEO
VİDEO