/ / Azərbaycanın inkişafı bütün regionun inkişafı üçün əsaslı zəmin yaradır

Azərbaycanın inkişafı bütün regionun inkişafı üçün əsaslı zəmin yaradır

569 Baxış

Azərbaycanın inkişafı bütün regionun inkişafı üçün əsaslı zəmin yaradır

Prezident İlham Əliyev 2021 ci il 26 aprel tarixində BMT -nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında geniş nitqlə çıxış etmişdir.Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycanın pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə getdiyini qeyd edərək bildirib ki,- COVID-19 pandemiyası ilə mübarizədə dövlətin bütün potensialı səfərbər olunmuşdur. COVID-19 pandemiyası dünya ölkələrini yeni çağırışlarla üz-üzə qoymuşdur. Azərbaycan hökuməti ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində zəruri addımlar atmışdır. Koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədilə geniş sosial-iqtisadi paket təqdim edilmişdir; Əhalinin vaksinasiyası davamlı şəkildə təşkil olunur. Azərbaycanda vaksinasiya yanvar ayından etibarən başlanıb. Bu günədək 1,4 milyon vaksin istifadə olunmuşdur ki, bu da əhalinin 14 faizini təşkil edir;- Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsinə çalışır. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının təşəbbüskarı olmuş və onu uğurla keçirmişdir. Bizim təşəbbüsümüzlə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilmişdir; Pandemiya ilə qlobal mübarizədə Azərbaycan fəal mövqe nümayiş etdirir. Yalnız milli səviyyədə həyata keçirilən səylər dünyada pandemiyanın aradan qaldırılması üçün kifayət etmir. Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirəcəkdir. Azərbaycan koronavirusla bağlı əksəriyyətinin ən az inkişaf etmiş olduğu 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir.

Prezident İlham Əliyev eyni zaman da rəsmi İrəvanın işğalçı siyasətinə son qoyulduğunu da vurğuladı. “Azərbaycan xalqı tarixi ədaləti özü bərpa etdi. Sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrimizi və dinc sakinlərimizi ağır artilleriya atəşinə tutaraq Azərbaycana qarşı irimiqyaslı hərbi təcavüzə başlamışdır. Azərbaycan öz vətəndaşlarını qorumaq üçün əks-hücum əməliyyatına başlamaq məcburiyyətində qaldı. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra etmiş, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etmişdir; - Bəzi ölkələrə qarşı tətbiq olunan “ikili standartlar” siyasəti dünyanın dayanaqlı inkişafı üçün təhdidlər yaradır. Azərbaycan ikili standartlara yol verilməməsi üçün tərəfdaş ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin təklif edilməsi və hazırlanması səylərinə qoşulmağa dəvət edir. Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə gün ərzində icra edildiyinin dəfələrlə şahidi olmuşuq. Azərbaycana gəldikdə isə həmin qətnamələr 27 il ərzində yerinə yetirilməmiş qaldı;

Ermənistanın işğalçı siyasətinə son qoyuldu. Ötən il Azərbaycan ərazisinin 20 faizinin 30 ilə yaxın Ermənistan tərəfindən işğalına son qoymuşdur. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin salınmışdır. Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törədərək, qadınlar və uşaqlar da daxil olmaqla 613 nəfər günahsız dinc sakini qətlə yetirmişdir. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınmışdır. 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tamamilə darmadağın olunmuşdur. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur edilmişdir. Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsi sona çatmışdır. Münaqişə tarixdə qalmışdır; İşğaldan azad olunmuş ərazilər erməni faşizminin şahididirlər. İşğal dövründə Azərbaycanın bütün şəhər və kəndləri yerlə-yeksan edilmişdir. Xarici mütəxəssislər Ağdam şəhərini “Qafqazın Hirosiması” adlandırırlar. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. 60-dan artıq məscid Ermənistan tərəfindən dağıdılmışdır. Məscidlər inək və donuzların saxlanılması yerlərinə çevrilmişdir.

Sonda Prezident İlham Əliyev Azərbaycanın regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusunda olduğunu dilə gətirərək vurğuladı: “Müəyyən olunmuş milli prioritetlər ölkənin dayanaqlı inkişafını təmin edəcəkdir. Növbəti on il üçün sosial-iqtisadi inkişafla bağlı müəyyən olunmuş milli prioritetlərə rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” da daxildir;- Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermişdir. Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. İşğaldan azad olunmuş, Lüksemburqdan dörd dəfə böyük olan ərazidə müasir layihələr icra olunacaq və irimiqyaslı yenidənqurma işləri aparılacaqdır. Hazırda qarşımızda işğaldan azad olunmuş ərazilərdə tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin bərpası kimi nəhəng vəzifə dayanır. Yenidənqurma prosesi çərçivəsində “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarından istifadə olunacaq”.

ADAU-nun İctimai elmlər və Multikulturaliz kafedarsının müdiri, professor A.M.Bayramov

FOTO / VİDEO
VİDEO